İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən nəşr olunacaq “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusunun növbəti buraxılışı “Konstitusiya və Suverenlik İli”nə həsr edilir.
Məqsəd ölkənin konstitusiya quruluşunun iqtisadi əsaslarının, suverenliyimizin iqtisadi təminat mexanizmlərinin, hüquqi və institusional islahatların milli iqtisadi təhlükəsizlik və dayanıqlı inkişafa təsirlərinin elmi təhlilinə şərait yaratmaq, bu istiqamətdə elmi tədqiqatların aparılmasını təşviq etməkdir.
Göndəriləcək məqalələr aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Azərbaycan Respublikasının iqtisadi qanunvericiliyinin əsasları;
- Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları;
- Dövlət müstəqilliyinin və suverenliyinin iqtisadi sütunları;
- Azərbaycanda aparılan hüquqi və institusional islahatların iqtisadi nəticələri;
- Azərbaycan Respublikasının iqtisadi təhlükəsizlik siyasəti və onun hüquqi bazası;
- Regional və qlobal inteqrasiya proseslərində suveren iqtisadi maraqların müdafiəsi və s.
Redaksiya heyəti tərəfindən tələblərə uyğun hesab edilən məqalələr dərc ediləcəkdir. Məqalələrin dərci tamamilə ödənişsizdir.
Elmi əsərlər toplusuna azərbaycan, rus və ingilis dillərindən birində yazılmış məqalələr qəbul edilir.
Məqalələr https://theesri.com/ saytı üzərindən qeydiyyatdan keçməklə təqdim edilməlidir. Müəllif(ər) haqqında qısa məlumat: ad, soyad, elmi dərəcə, vəzifə, işlədiyi qurum, əlaqə vasitələri (telefon və e-mail) dəqiq qeyd edilməlidir.
Məqalə qəbulu üçün son tarix: 15 avqust 2025-ci il
MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR
1. “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusuna iqtisad elmlərinə aid azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir.
2. Məqalənin ümumi həcmi, qrafik materiallar, cədvəllər, düsturlar, ədəbiyyat siyahısı və xülasələr də daxil olmaqla 8 səhifədən az olmamalıdır.
3. Məqalənin mətni “Times New Roman-12” şrifti ilə, 1 intervalla çap olunmalıdır.
4. Məqalədə UOT indeksi göstərilməlidir.
5. Məqalədə müəllif(lər)in tam ad(lar)ı və elektron poçt ünvan(lar)ı, işlədiyi (işlədikləri) müəssisənin (müəssisələrin) ad(lar)ı və yer(lər)i göstərilməlidir.
6. Məqalədə qrafik materiallar, cədvəllər, düsturlar mətnə uyğun yerlərdə yerləşdirilməli, ixtisar edilmiş sözlər birinci dəfə açıq yazılmalıdır.
7. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
8. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır (məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalıdır). Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
9. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır, biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təsdiq edilmiş «Dissertasiyanın tərtibi qaydası» nın «İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsviri və nümunələr» bölməsinin tələbləri əsas götürülməlidir.
11. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
12. Məqalənin hər üç dildə xülasəsi və açar sözləri verilməlidir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri və açar sözlər bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır, müəllif(lər)in gəldiyi elmi nəticələri, işin elmi yeniliyini, tətbiqi əhəmiyyətini və s. əks etdirməlidir. Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam ad(lar)ı göstərilməlidir. Beş açar sözü verilməlidir.
13. Məqalə Müəllif anketi ilə birlikdə təqdim edilməlidir.
Müəllif anketi