İnstitut
Təqdim edilən iş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən yerinə yetirilmişdir. İşdə sorğuya əsasən 2025-ci ilin sentyabr ayı üçün biznes inam indeksi müəyyənləşdirilmişdir.
Biznes inam indeksinin hesablanması iqtisadi təhlildə və qısa müddətli proqnozlarda mühüm rol oynayır. Biznes İnam İndeksi real sektor müəssisələrinin biznes fəaliyyəti ilə bağlı cari vəziyyətini və gözləntilərini əks etdirən mürəkkəb iqtisadi göstəricidir. Bİİ-nin qiymətləndirilmə metodologiyası iqtisadi fərziyyələrə əsaslanır. Biznes sorğuların nəticələri əsasında iqtisadiyyatın müxtəlif sahələrində: sənaye, xidmət, tikinti və pərakəndə ticarətdə iqtisadi fəaliyyətin müxtəlif aspektləri üzrə qiymətləndirmə aparılır.
Aparılan sorğunun nəticəsinə görə 2025-ci ilin sentyabr ayı üçün Biznes inamın standartlaşmış kompozit indeksinin - 0.14 olduğunu, başqa sözlə sahibkarların iqtisadi vəziyyətə inamının mənfi olduğunu göstərir. İndeksin rəqəminin aşağı olması iki səbəbdən baş vermişdir. Birincisi sahələr üzrə sorğuda iştirak edən respondentlərin sayı təsdiqlənmiş metodologiyadakı minimal saydan az olması, ikincisi isə sorğunun yeni həyata keçirilməyə başlanılması səbəbindən zaman sıralarının sayının minimumda olması və dalğalanmaların Biznes inamın standartlaşmış kompozit indeksinin yekuna birbaşa təsir göstərməsi.
Biznes inam indeksini hesablamaq üçün İqtisadi Elmi Tədqiqat İnstitutu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən aparılmış sorğu nəticələrinin təhlilindən istifadə olunmuşdur. Mövcud sahibkarların (istehsalçılar) əhval-ruhiyyəsini ölçmək üçün anketdə iş şəraiti və bazar gözləntiləri ilə bağlı suallar verilib. Sorğuda iştirak edənlərdən ölkədə xidmət qiymətlərinin, işçilərin sayının dəyişməsinə münasibət bildirmələri, ölkədəki iqtisadi vəziyyəti və rəqəmsal iqtisadiyyata dair sualların cavablandırılması istənilib. Həmçinin nisbətən böyük vəsait tələb edən xərclər etmək imkanları olub-olmadığı araşdırılıb.
Sənaye sektorunun balans indeksi
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən respublikamızda 2025-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı neft-qaz sektorunda 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artmışdır.
Məhsul istehsalının həcmi ilə bağlı sahibkarlıq subyektləri ilə keçirilmiş sorğunun cavablarından da gördük ki, istehsal müəssisələri cari ilin sentyabr ayında istehsal etdikləri məhsulun həcminin azalacağı gözləntisi 3.7 faiz olmuşlar. Diaqramdanda göründüyü kimi respondentlərin 40.7 faizi müəssisələrində istehsal həcminin artdığını bildirmişdir.
Sənaye sektoru üzrə keçirilmiş sorğuda iştirak edənlərin sayı 27 olmuşdur və onların içində mikro, kiçik və orta sahibkarların payı 92.5 faiz təşkil edib. Sahibkarlardan sentyabr ayındakı sifariş portfelinin (sifarişlərin həcmi) səviyyəsini necə qiymətləndirdiklərini soruşduqda isə respondentlərin 29.6 faizi həcmin normadan aşağı olduğunu, 22.2 faizi isə sifarişlərin həcminin artdığını qeyd etmişdir. Lakin sahibkarların böyük hissəsi 48.1 faizi həcmin mövsüm üçün normal olduğunu bildirmişdilər.
Diaqram 2. Müəssisələrin kateqoriya üzrə bölgüsü
Diaqram 3. Müəssisələrin sifariş portfeli
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən respublikamızda sənaye sektorunda istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2025-ci il vəziyyətinə 849,4 milyon manatlıq hazır məhsul olmuşdur.
Sənaye sektorunda aparılmış sorğu sahibkarlıq subyektlərinə ünvanlanan mal-material ehtiyatlarının fiziki həcminin dəyişməsi ilə bağlı suala respondentlərin cavabı aşağıdakı diaqramda əks olunmuşdur. Cari ilin sentyabr ayında respondentlərin 2.6%-i mal-material ehtiyatlarının həcminin artdığını, 3.7%-i azaldığını, 85.2%-i isə dəyişikliyin olmadığını bildirmişlər. Qeyd olunan dövrdə istehsalın artdığını nəzərə alsaq onda respondentlərin yalnız 11.1 faizində mal artıqlığının yaranması ümumilkdə yaxşı haldır.
Diaqram 3. Müəssisələrin anbarında qalan məhsul
Növbəti 3 ay ərzində istehsal həcminin necə dəyişəcəyini və bizneslərinin gələcək inkişafı barədə gözləntilərinə dair sahibkarların cavaları isə maraqlı nəticələr vermişdir. Beləki sahibkarlarin 51.9 faizi gələcəklə bağlı proqnoz verməkdə çətinlik çəksələrdə yalnız respondentlərin 7.4 faizi növbəti aylarda istehsalın azalacağına dair fikir bildiriblər. Lakin sahibkarların 40.7 faizi istehsalın artacağını demişdirlər.