Haqqımızda
Tədqiat çərçivəsində əsasən İqtisadi mürəkkəblik indeksi ilə ölkədə istehsal oluna biləcək yeni məhsulların müəyyən edilməsi imkanları araşdırılmışdır. Bu məqsədlə ölkə üzrə 6 rəqəmli təsnifat kodu səviyyəsində ticarət məlumatları toplanmış və emal edilmişdir. Ölkə üzrə aşkar müqayisəli üstünlük indeksi 2023-cü ildə daxil olmaqla 6 rəqəmli təsnifat kodu səviyyəsində hesablanmışdır. İqtisadi mürəkkəblik indeksi konsepsiyasının metodologiyası öyrənilmiş və indeksin hesablanması ilə əlaqdar xüsusi alqoritm hazırlanmışdır. Tədqiqat zamanı Harvard Böyümə Laboratoriyasının iqtisadi mürəkkəblik indeksi konsepsiyasına görə iqtisadi mürəkkəbliyi yuxarı olan ölkələr daha çox ixrac edir. Araşdırma zamanı bu qənaətə gəlinmişdir ki, daha çox ixrac etmək ölkənin iqtisadi inkişaf amili kimi çıxış edə bilməz . Belə ki, ölkə mürəkkəblik indeksi yüksək olan məhsul istehsal edə bilər, amma bu məhsulun istehsalı ölkədə yüksək əlavə dəyər yaratmaya da bilər. İqtisadi mürəkkəblik indeksi konsepsiyası yalnız xarici ticarətdə ixrac məlumatlarından istifadə edir. Ölkə daxilində istehsal olunan, amma ixrac edilməyən, mürəkkəblik indeksi yüksək ola bilən məhsulları, habelə xidmətlərin ixracını nəzərə ala bilmir. İqtisadi mürəkkəblik indeksi konsepsiyası əlavə dəyər ticarətini əlavə dəyər zənciri baxımından təhlil edə bilmir. Hazırda ölkənin idxal və ixracdan asılılığı idxal və ya ixracın ÜDM də payı göstəricisi ilə müəyyən edilir. Son onillikdə qlobal ticarətin inkişafı istehsalın artan beynəlmiləlləşməsi və parçalanması fonunda baş verir ki, bu da qlobal dəyər zəncirləri daxilində ölkələrin qarşılıqlı əlaqəsinin və qarşılıqlı asılılığının artmasına səbəb olur. Nəticədə, zəncirin sonundakı ixracatçı ilə yanaşı, bir çox ölkələrin istehsalçıları məhsul və ya xidmətin yaradılmasında iştirak edərək, onların yaratdığı əlavə dəyəri ehtiva edən aralıq idxalı təmin edirlər. Nəticə etibarilə, ölkənin xarici ticarətdən əldə etdiyi qazanclar, ixrac və texnoloji potensialı, aşkar edilmiş müqayisəli üstünlüyü və s. əsasən onun şaquli inteqrasiyada necə iştirak etməsi və hansı əlavə dəyər yaratması ilə müəyyən edilməlidir. Bu cür qiymətləndirmələr həm iqtisadçılar, həm də praktiklər arasında getdikcə populyarlaşmaqdadır. Ölkənin inkişaf səviyyəsi ümumi ixrac və idxalın dövlətlərarası axınlarını dəyər və fiziki həcmdə qeydə alan xarici iqtisadi fəaliyyətin ənənəvi statistikası çərçivəsində mümkün olmadığından son illərdə əlavə dəyər ticarəti göstəricilərinin təhlili zərurətə çevrilmişdir. O, iqtisadi siyasətin işlənib hazırlanmasında istifadə oluna biləcək aşağıdakı əlavə məlumatları təqdim edir:
− İxrac və idxalın ənənəvi göstəriciləri ölkənin ixrac və idxaldan asılılıq dərəcəsini tam düzgün əks etdirmir, çünki asılılıq göstəricisinin sürətində xarici ticarət axınlarının ümumi həcmi, məxrəcdə isə ümumi daxili məhsulu göstərlir. Bu baxımdan, əlavə dəyər ticarəti məlumatlarından istifadə daha dəqiq qiymətləndirməyə imkan verir. Onlar həmçinin milli iqtisadiyyatın xarici şoklara məruz qalmasını təhlil etmək üçün istifadə edilə bilər:
− Milli valyutanın möhkəmlənməsi və ya zəifləməsinin xarici ticarət axınlarına təsirini anlamaq üçün ixracda yerli və idxal komponentlərinin payı vacibdir;
− İxracın iqtisadi artımın sürətləndirilməsinə töhfə vermək qabiliyyəti də əsasən onun tərkibindəki daxili komponentin payı və strukturu ilə müəyyən edilir;
− Sənaye siyasətinin işlənib hazırlanmasında ixracda əlavə dəyərin həcminin, onun strukturunun, habelə xarici və daxili komponentlərin göstəricilərindən istifadə edilə bilər.
Öz növbəsində, ayrı-ayrı sahələrin, xüsusilə də xidmət sahələrinin ixracda əlavə dəyərin yaradılmasına verdiyi töhfənin, eləcə də onlar arasındakı əlaqənin qiymətləndirilməsi milli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artım mənbələrini anlamaq üçün vacibdir.
2013-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə birlikdə Əlavə Dəyərli Ticarət (TiVA) məlumat bazasını yaratmışdır. 2018-ci ilə olan məlumata görə, o, 64 ölkə (bütün OECD ölkələri, Aİ28, G20, Şərqi və Cənub-Şərqi Asiyanın əksər ölkələri və bir sıra Cənubi Amerika ölkələri) və 34 sənaye və xidmət sektoru üzrə 46 göstəricidən ibarətdir. Xüsusilə bu bazada Rusiya və Qazaxıstanla bağlı məlumatlar var, lakin Azərbaycan orada təmsil olunmur. 2013-cü ildə dəyər zəncirlərində iştirak və iqtisadi inkişaf arasında əlaqəni təhlil edən UNCTAD-ın xüsusi araşdırması nəşr olunmuşdur. Məlum olub ki, dəyər zəncirlərində iştirak iş yerlərinin yaradılmasına, biliklərin ötürülməsinə və iqtisadi artıma müsbət təsir göstərir. UNCTAD həmçinin əlavə dəyər ticarəti, əlavə dəyərin xarici və yerli komponentləri və dolayı əlavə dəyər kimi qlobal dəyər zəncirinə aid göstəriciləri ehtiva edən məlumat bazası yaratmışdır. Məlum olmayan səbəblərdən Azərbaycan haqqında da məlumat yoxdur.
Ölkədə istehsal oluna biləcək yeni məhsulların müəyyən edilməsi imkanlarının müəyyən edilməsi üçün aşağıdakı 5 məhsul çoxluqlarının siyahısı hazırlanmışdır:
− düyada istehsalı mövcud olan,
− ölkədə istehsal mövcud olan, amma ixrac edilməyən,
− ölkədə istehsalı mövcud olan olan və həm də ixrac olunan,
− ölkədə istehsalı mövcud olan, həm də idxal olunan,
− ölkədə istehsalı mövcud olmayan, amma idxal olunan.
Çoxluqlarının siyahılarının müqayisəsi nəticəsində ölkədə istehsalı olmayan məhsulların siyahısı konkretləşdirilmişdir. Belə yanaşma iqtisadi mürəkkəblik konsepsiyasına müvafiq yeni məhsulların seçilməsi metodologiyasına uyğun gəlməsə də sözügedən məhsul çoxluqlarının siyahısı tədqiqatın qarşısında duran “ölkədə istehsal olunmayan və idxalı əvəz edə bilən məhsulların siyahısının hazırlanması” tapşırığına uyğun hazırlanmışdır. İqtisadi mürəkkəblik konsepsiyasına müvafiq seçilmiş yeni məhsullar üzrə təkliflər isə ölkədə istehsal olunmayan məhsulların siyahısına uyğunlaşdırılmışdır. Belə ki yeni seçilmiş məhsul ölkədə istehsal olunmayan məhsulların siyahısında vardırsa təkliflərə də məhz həmin məhsullar salınmışdır.
Ölkədə istehsal olunmayan məhsulların siyahısını 10 rəqəmli səviyyədə hazırlamaq mümkün olmamışdır. Bu idxal barədə dəqiq məlumatların yalnız 6 rəqəmli səviyyədə konkretləşdirilməsinin mümkümlüyü ilə bağlı olmuşdur. 6-cı səviyyədən sonra məhsul növlərinin adı “digərləri” adı altında verilməsi ilə bağlı olmuşdur. Harvard böyümə laboratoriyası iqtisadi mürəkkəblik indeksləri barədə məlumatları isə 4 rəqəmli səviyyədə təqdim edildiyindən ölkədə istehsal olunmayan məhsulların 6 rəqəmli siyahısı iqtisadi mürəkkəblik konsepsiyasına müvafiq seçilmiş yeni məhsullar üzrə 4 rəqəmli səviyyəyə uyğunlaşdırılaraq təkliflər verilmişdir.
İETİ-də 6 rəqəmli səviyyədə yeni məhsullar üzrə konkret təkliflərin hazırlanması məqsədilə bütün işlərin yerinə yetirilməsinə baxmayaraq, son hesablamaların aparılması kompüterlərin iri həcmli məlumatları (5870x5870 ölçülü matrislərin vurulması və məxsusi ədədlərinin və vektorlarının tapılması üçün hazırlanmış alqoritmin hazırlanması zərurəti ortaya çıxmışdır.