BARAMAÇILIQ VƏ İPƏKÇİLİK SAHƏSİNDƏ KLASTER YANAŞMANIN TƏTBİQİNİN DƏSTƏKLƏNMƏSİ ÜÇÜN BEYNƏLXALQ TƏCRÜBƏNİN ARAŞDIRILMASI

Tədqiqatın məqsədi beynəlxalq təcrübənin təhlili əsasında baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsinə dair təkliflərin hazırlanmasıdır. Tədqiqatın obyekti: baramaçılıq və ipəkçilik sahəsidir. Tədqiqatın predmeti: klaster yanaşmanın tətbiqinə dəstək tədbirləri təşkil edir. Tədqiqatlar nəticəsində məlum olub ki, bu gün Azərbaycanda perspektivli sahə kimi qiymətləndirilən baramaçılıq və ipəkçiliyin inkişafına xüsusi diqqət var. Göstərilən dəstək tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə yerli kümçülər tərəfindən 357.0 ton yaş barama təhvil verilibdir ki, bu da əvvəlki illə müqayisədə 4.6% yüksək nəticədir. Sözügedən Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin 2025-ci ilədək 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Klaster yanaşmadan istifadə inkişaf etmiş iqtisadiyyatların əsas xüsusiyyəti olub, ona daxil olan təşkilatların sinergetik effekt əldə etmələrinə, ayrı-ayrı təsərrüfat subyektləri ilə müqayisədə bütün sistemin rəqabət qabiliyyətinin artırılmasına, innovasiyayönümlü olmasına imkan verir. Eləcə də, baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşması, bu sektorda fəaliyyət göstərən müxtəlif subyektlərin bir araya gələrək resursları və bilikləri paylaşması prinsipinə əsaslanmaqla bir çox üstünlüklərə malikdir. Bu baxımdan tədqiqat işində ölkədə baramaçılığın mövcud vəziyyəti, klaster anlayışı, klaster yanaşmasının üstünlükləri, bu sahədə qabaqcıl ölkə təcrübələrinin təhlili aparılmışdır.