İnstitut

İqtisadi Elmi Tədqiqat İnstitutunun Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Emin Mustafayev Fransanın Klermon-Ferran şəhərində Qlobal İnkişaf Şəbəkəsi (Global Development Network) tərəfindən təşkil olunan “Qlobal İnkişaf Konfransı 2025”də (“GDC 2025”) iştirak edib.
“İnklüziv rəqəmsal transformasiya: sosial təsirlər və texnoloji yeniliklər” mövzusuna həsr olunan konfrans rəqəmsal dövrdə sosial ədalət, bərabər imkanlar, inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinin təmin edilməsində mövcud çağırışları və beynəlxalq təcrübələri müzakirə etmək məqsədilə təşkil edilib. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, tədqiqat institutları, vətəndaş cəmiyyəti və akademik dairələrdən yüzlərlə iştirakçı bir araya gələrək rəqəmsal transformasiyanın iqtisadi, sosial və etik aspektləri barədə fikir mübadiləsi aparıb.
İnstitutun əməkdaşı Azərbaycanda həyata keçirilən rəqəmsallaşma, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar, ASAN Xidmət modeli ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb. Qlobal İnkişaf Şəbəkəsi nümayəndələri və digər iştirakçı qurumların nümayəndələri ilə qarşılıqlı maraq doğuran mövzular üzrə elmi əməkdaşlıq və məlumat mübadiləsi imkanları müzakirə edilib.