İnstitut



İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Fuad Mürşüdlü və Rəqəmsal iqtisadiyyat və innovasiyalar şöbəsinin rəhbəri Manaf Bağırzadə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq İqtisadi Tədqiqat Konfransında iştirak ediblər.
İnstitutun əməkdaşları “İnformasiya siyasəti əsaslı rəqəmsal iqtisadiyyatın tənzimlənməsi: iqtisadi hesablama problemi” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda rəqəmsal iqtisadiyyatın informasiya siyasəti vasitəsilə tənzimlənməsinin xüsusiyyətləri, planlaşdırma və bazar tənzimləməsinin balansı, rəqəmsal iqtisadi hesablamanın mövcud imkanları haqqında məlumat verilib. Həmçinin, bu tənzimləmə Avropa Birliyinin Ümumi Məlumatların Mühafizəsi Qaydaları (GDPR), AB Rəqəmsal Xidmətlər Qanunu, Rəqəmsal Bazarlar Qanunu (DMA), Kaliforniya İstehlakçı Məxfiliyi Qanunu (CCPA), Kanadanın Şəxsi Məlumatların Mühafizəsi və Elektron Sənədlər Qanunu və Çinin Şəxsi Məlumatların Mühafizəsi Qanuna (PIPL) əsasən təhlil edilib.
Konfransda qlobal və regional iqtisadi siyasət, ticarət və iqtisadi sanksiyalar, geosiyasi və iqtisadi böhranlar, rəqəmsal təhlükəsizlik və məlumatların idarəolunması mövzuları ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Türkiyə və digər ölkələrin elmi-tədqiqat qurumları ilə elmi tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.