“Yeni Nəsil İqtisadiyyat İndeksi 2025” hesabatı

İqtisadi Elmi Tədqiqat İnstitutunda “Yeni Nəsil İqtisadiyyat İndeksi 2025” adlı hesabat sənədi hazırlanıb.

Hesabatın 2025-ci il tarixli ilk buraxılışında İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC)Türkdilli Dövlətlərin Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edən 15 ölkənin Yeni Nəsil İqtisadiyyat İndeksi (YNİİ) qiymətləndirilib.

Qiymətləndirmələr aparılarkən Dünya Bankı (World Bank), BMT (UN) və onun ixtisaslaşmış təşkilatları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər təşkilatların açıq məlumat bazalarından istifadə edilib.

Hesabat dövlət qurumları, özəl sektor nümayəndələri, investorlar və tədqiqatçılar üçün strateji qərarların qəbuluna məlumat dəstəyi kimi çıxış edir.

Altı bölmədən ibarət olan hesabatın birinci hissəsində yeni nəsil iqtisadiyyat anlayışı, indeksin nəzəri çərçivəsi, Input-output yanaşması və nəticələrin interpretasiyası izah olunur. İkinci hissə indeksin metodoloji əsaslarına həsr olunub. Hesabatın üçüncü hissəsində qlobal nəticələr yer alır. Yekun reytinq cədvəli, ölkələrin ümumi bal üzrə sıralanması, subindeks profilləri, regional müqayisələr və bloklar üzrə təhlillər bu bölmədə təqdim olunaraq ölkələrin ümumi performans mənzərəsi ortaya qoyulur. Dördüncü hissə ölkə profillərinə həsr edilib. Burada hər bir ölkə üzrə güclü və zəif tərəflər, Input-output boşluqları, potensial ilə faktiki nəticələr arasındakı fərqlər və struktur xüsusiyyətlər ayrıca analitik çərçivədə təhlil olunur. Beşinci hissədə Azərbaycan üzrə ümumiləşdirilmiş nəticələr və strateji tövsiyələr təqdim edilir. Hesabatın altıncı hissəsi isə ümumi nəticələrin yekunlaşdırılmasına və region üzrə strateji baxışın təqdim olunmasına həsr edilib. Bu bölmədə əsas prioritet sahələr, siyasət alətləri və uzunmüddətli institusional inkişaf istiqamətləri sistemləşdirilir.

Hesabata əsasən qiymətləndirilən ölkələr yeni nəsil iqtisadiyyata uyğunluq və hazırlıq üzrə topladıqları İndeks balına əsasən yuxarı, orta və aşağı qruplara bölünüblər. Belə ki, hesablamalar nəticəsində Çin, Macarıstan, Türkiyə, Şimali Kipr, Gürcüstan yuxarı qrupa, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Monqolustan orta qrupa, Qırğızıstan, İran, Türkmənistan, Tacikistan, Pakistan və Əfqanıstan isə aşağı qrupa daxil edilib.

İndeks haqqında daha ətraflı məlumat əldə etmək, ölkə müqayisələri və təhlillərlə vizual olaraq tanış olmaq, eləcə də hesabatları yükləmək üçün vebsayt istifadəyə verilib (https://ngei.theesri.com/).

"Yeni Nəsil İqtisadiyyat İndeksi 2025" hesabatı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.