Yeni Nəsil İqtisadiyyat İndeksi

İqtisadi Elmi Tədqiqat İnstitutunda ölkələrin innovasiya hazırlığını və yeni nəsil iqtisadiyyata trasformasiya potensialını qiymətləndirən Yeni Nəsil İqtisadiyyat İndeksi (YNİİ) hazırlanıb.

İndeksin formalaşdırılmasının başlıca məqsədi ölkələrin “yeni nəsil iqtisadiyyat” meyarlarına hazırlıq və uyğunlaşma səviyyəsini beynəlxalq standartlara uyğun, müqayisə oluna bilən və ölçülə bilən formada qiymətləndirməkdir.

YNİİ 10 subindeks (Demoqrafik struktur, Bacarıq və texnoloji hazırlıq, İnnovasiya, Kreativ iqtisadiyyat, Platforma və paylaşma iqtisadiyyatı, İnfrastruktur, İqtisadi performans, Təhsil, Səhiyyə, Sosial inklüzivlik)60-dan çox göstərici əsasında formalaşır. İndeksin hesablanması ölkələrin rəqəmsal hazırlıq səviyyəsini, innovasiya ekosistemlərinin gücünü, platforma iqtisadiyyatının dərinliyini və yeni inkişaf modelinə keçid imkanlarını müqayisəli şəkildə təhlil etməyə imkan verir.


YNİİ-nin hesablanma metodologiyası ikili – input output strukturu üzərində qurulur. İndeksin Input (giriş) bloku ölkələrin inkişaf potensialını formalaşdıran əsas sütunları əhatə edir. Buraya demoqrafiya, bacarıq və texnoloji hazırlıq, infrastruktur, iqtisadi performans, təhsil, səhiyyə və sosial inklüzivlik subindeksləri üzrə ölkələrin potensialını qiymətləndirən göstəricilər aiddir. Output (çıxış) blokuna isə innovasiya, kreativ iqtisadiyyat və platforma və paylaşım iqtisadiyyatı subindeksləri üzrə ölkələrin potensiallarının real iqtisadi və sosial nəticələrə çevrildiyini ölçməyə imkan verən göstəricilər daxildir.

Bu ikili struktur sayəsində YNİİ ölkələrin resurslardan nəticə yaratma qabiliyyətini ölçür və inkişafın “zəif həlqəsini” dəqiq müəyyən etməyə imkan verir. Məsələn, yüksək potensiala malik (yüksək input) lakin zəif nəticələr göstərən (aşağı output) ölkələr üçün əsas problem resursların səmərəli reallaşdırılmasıdır; əksinə, məhdud resurslarla (aşağı input) yüksək nəticə əldə (yüksək output) edən ölkələr isə effektiv idarəetmə və düzgün siyasət dizaynı nümunəsi kimi çıxış edir.

Yeni Nəsil İqtisadiyyat İndeksinin metodologiya hesabatı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.