logo
ESRI əməkdaşları UNEC-də elmi-tədqiqat işinin təqdimatında iştirak ediblər

17 oktyabr 2022-ci il tarixində ESRI-nin İqtisadiyyatın sahəvi təhlili şöbəsinin əməkdaşları Emil Qasımov və Pərvin İdrisli UNEC-in nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun  (İAETİ) yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimatında iştirak ediblər.

Tədbiri giriş sözü ilə UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov açıb. O, təqdimatında Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirildiyi haqqında məlumat verib. Daha sonra İAETİ-nin və ESRI-nin böyük elmi işçisi, dosent Fərhad Mikayılov təqdimat edərək tədbirdə iştirak etmiş professor-müəllim heyəti, tədqiqatçılar və digər dövlət qurumlarının nümayəndələrinə İkinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən Azərbaycana dəymiş ümumi zərərin qiymətləndirilməsi üzrə aparılan araşdırmalar, bu araşdırmalarda istifadə edilən müxtəlif hesablama üsulları və əldə olunmuş nəticələr barədə məlumat verib. Həmçinin tədbirdə “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər”ə dair metodoloji yanaşmalar və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr təqdim olunub.

Tədbirin sonunda aparılmış elmi-tədqiqat işi ilə bağlı iştirakçıların təklifləri dinlənilmiş və mövzu ətrafında müzakirələr aparılaraq suallar cavablandırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.