logo
“İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin Nizamnaməsi

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) İqtisadi  Elmi  Tədqiqat  İnstitutu  publik  hüquqi  şəxsi  (bundan  sonra  -   İnstitut)  Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış, ölkədə iqtisadi və əlaqəli digər sahələrdə tədbirlərin işlənib hazırlanmasının və icrasının elmi və analitik təminatını həyata keçirən, bu məqsədlə fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental araşdırmalar aparan, iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi və dayanıqlığının təmin olunması üzrə tədqiqat bazası yaradan, habelə yüksəkixtisaslı elmi kadrlar hazırlayan və insan kapitalının inkişaf etdirilməsində iştirak edən beyin mərkəzidir.
1.2. İnstitut  öz fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını rəhbər tutur.
1.3. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyət yerinə yetirməklə Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. İnstitutun mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə köçürülə və ya istifadə edilə bilər.
1.6. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqosu, brendi, devizi, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunan möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. İnstitutun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və bu Nizamnaməyə uyğun olaraq, əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları   əldə   etmək   və   həyata   keçirmək   hüququ,   həmçinin   vəzifələri   vardır.   İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. İnstitutun hüquqi ünvanı: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi Prospekti pr., 196.

2. İnstitutun fəaliyyət istiqamətləri

2.1. İnstitut  iqtisadiyyatın  sahələrinin  inkişafı  ilə  bağlı  təhlillərin  və  elmi  tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması, müvafiq sahədə monitorinq və qiymətləndirmələrin aparılması, strateji planlaşdırılması və innovativ inkişafın təmin edilməsi məqsədilə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.1.1. dövlətin sosial-iqtisadi inkişaf siyasətinin, o cümlədən iqtisadi islahatların həyata keçirilməsi strategiya və taktikasının elmi əsaslarının işlənib hazırlanması;
2.1.2. dövlətin sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə konsepsiya və proqramlar hazırlanmasında iştirak edilməsi, təklif və tövsiyələrin verilməsi, monitorinq və qiymətləndirmələrin aparılması;
2.1.3. ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının, beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının işlənib hazırlanması və bu istiqamətdə təklif və tövsiyələrin verilməsi;
2.1.4. ölkə iqtisadiyyatında struktur islahatları və innovasiya sahəsində dövlət siyasətinin elmi əsaslarının hazırlanmasında iştirak edilməsi, təşviq edilməsi, təklif və tövsiyələrin verilməsi, habelə innovasiya layihələrinin qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi;
2.1.5. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq investisiyaların cəlb edilməsinin, investisiya mühitinin fəallaşdırılmasının, təkmilləşdirilməsinin, dövlət investisiya siyasətinin formalaşdırılması və həyata keçirilməsinin, investisiya layihələndirilməsinin və ekspertizasının nəzəri-metodoloji əsaslarının hazırlanması, bu sahədə tədqiqat işlərinin aparılması;
2.1.6. dövlət iqtisadi-idarəetmə və maliyyə siyasətinin elmi-metodoloji əsaslarının, həmçinin bu sahədə strateji əhəmiyyətli təkliflərin hazırlanmasında və tədqiqatların aparılmasında iştirak edilməsi;
2.1.7. sahibkarlığın inkişafı və ona dövlət dəstəyi sahəsində siyasətin elmi əsaslarının formalaşdırılması və onun daimi təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin hazırlanması;
2.1.8. iqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssislərin hazırlanması və onların ixtisas səviyyəsinin müasir tələblər baxımından təkmilləşdirilməsi məqsədi ilə ixtisasartırma kursları, treninq, seminar və peşəkar inkişafı dəstəkləyən digər tədbirlərin təşkil edilməsi;
2.1.9. iqtisadi inkişaf siyasəti və islahatların həyata keçirilməsi ilə əlaqədar hazırlanmış layihələrə rəy verilməsi;
2.1.10. investisiya layihələrinin hazırlanmasında, təşviqində və kompleks təhlilində iştirak edilməsi;
2.1.11. iqtisadiyyata, iqtisadi siyasətə, o cümlədən iqtisadi islahatlara dair normativ- hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasında iştirak edilməsi;
2.1.12. regionların iqtisadi inkişafı, habelə onlarda iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı tədqiqatlar aparılması və bu istiqamətdə təklif və tövsiyələrin hazırlanması;
2.1.13. iqtisadi islahatların vəziyyəti, sosial siyasətin həyata keçirilməsinin təhlil edilməsi, tədqiqatların aparılması və müvafiq hesabatların hazırlanıb təklilflərin verilməsi;
2.1.14. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, xarici və beynəlxalq iqtisadi, maliyyə və digər təşkilatlarla əməkdaşlıq edilməsi;
2.1.15. iqtisadi və sosial proqramların həyata keçirilməsinin təhlili və rəy verilməsi;
2.1.16. regional və sahəvi inkişaf proqramlarının layihələrinin hazırlanmasında və ekspertizasında iştirak edilməsi;
2.1.17. ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti və islahatlar haqqında
kütləvi informasiya vasitələrində şərhlər verilməsi və təbliğatın aparılması;
2.1.18. müəyyən olunmuş qaydada analitik-informasiya məhsullarının hazırlanmasının və nəşrinin təşkil edilməsi;
2.1.19. ölkədə elmi-texniki və iqtisadi informasiya sistemlərinin işlənib hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
2.1.20. istifadəçilərin analitik-informasiya tələbatlarının proqnozlaşdırılmasının, öyrənilməsinin və təhlilinin həyata keçirilməsi;
2.1.21. universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin ödənişli və ödənişsiz əsaslarla təcrübə və magistr dərslərinin keçirilməsi;
2.1.22. ölkədə elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin, müdafiə olunmuş dissertasiyaların, qeydiyyatdan keçmiş ixtiraların və əmtəə nişanlarının, ayrı-ayrı sahələr üzrə məlumat bankları və bazaların yaradılmasında iştirak edilməsi;
2.1.23. müqavilə əsasında ölkənin dövlət orqanlarının, birliklərinin, müəssisə və təşkilatlarının, habelə ayrı-ayrı mütəxəssislərin elmi-tədqiqat və analitik-informasiya məhsulları ilə təmin olunmasının təşkil edilməsi;
2.1.24. doktorantura, magistr və digər təhsil formaları vasitəsi ilə yüksək ixtisaslı kadrların hazırlanması və peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılması ilə yenidən hazırlanmasının təşkil edilməsi;
2.1.25. fəaliyyətini dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkil etmək məqsədi ilə tədbirlərin görülməsi;
2.1.26. Nazirin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərilməsi.

3. İnstitutun vəzifələri və hüquqları

3.1. İnstitutun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, İnstitutun vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. ölkə iqtisadiyyatında struktur, inkişaf, islahat və innovasiya sahəsində dövlət siyasətinin elmi-metodoloji əsaslarını işləmək;
3.1.3. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.4. ölkədə sosial-iqtisadi inkişafın gedişinin təhlili, qiymətləndirilməsi, modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparmaq və iqtisadi inkişaf siyasətini həyata keçirən dövlət idarəetmə orqanları ilə əməkdaşlıq etmək və onlara məsləhət xidmətləri təklif etmək;
3.1.5. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.6. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.7. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə   uyğun   təşkil   etmək,   İnstitut   əməkdaşlarının   əlavə   təhsili   və   peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.8. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının    İnzibati   Xətalar   Məcəlləsinə   uyğun   olaraq   tədbirlər   görmək,   cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.9. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.10. İnstitutun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.11. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.12. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.13. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.14. ölkədə davamlı və dinamik iqtisadi inkişafın təmin olunmasının, o cümlədən iqtisadi islahatların həyata keçirilməsinin strategiya və elmi əsaslarını işləmək;
3.1.15. dövlətin sosial-iqtisadi inkişafına dair strateji istiqamətlərin müəyyən edilməsində iştirak etmək və bu istiqamətlər üzrə konsepsiya, proqram, təklif və tövsiyələr hazırlamaq;
3.1.16. milli iqtisadiyyatın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunması, beynəlxalq təşkilatlar, xüsusi ilə də beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarını hazırlamaq;
3.1.17. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq investisiyaların cəlb edilməsi və həyata keçirilməsi, dövlət investisiya layihələri sahəsində elmi-metodoloji və konsultativ əsasları hazırlamaq;
3.1.18. dövlət iqtisadi idarəetmə və maliyyə siyasətinin elmi-metodoloji və konsultativ əsaslarını hazırlamaq;
3.1.19. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı sahəsində siyasətin elmi və metodoloji əsaslarını hazırlamaq;
3.1.20. ölkədə iqtisadi islahatların həyata keçirilməsi, müasir iqtisadi inkişaf problemlərinin tədqiqi ilə bağlı yerli və beynəlxalq elmi-praktik konfransları, simpoziumları və digər tədbirləri həyata keçirmək;
3.1.21. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
3.1.22. iqtisadi islahatlar haqqında kütləvi informasiya vasitələrində şərhlər vermək, təbliğatını aparmaq;
3.1.23. təlim və tədris prosesini yüksək səviyyədə, mövcud standartlara uyğun təşkil edir, mürəkkəb təhsil məsələlərində hərəkətverici qüvvə və məsləhətçi rolunu oynayır;
3.1.24. elmi-texniki və iqtisadi informasiya toplamaq, işləmək, saxlamaq, yaymaq, informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemlərini yaratmaq, həmçinin, informasiya texnologiyaları və onların təminat vasitələrindən istifadə etmək, elmi-texniki informasiya fəaliyyətinə aid tədqiqatlar aparmaq, informasiya materialları nəşr etmək;
3.1.25. İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.26. müxtəlif qurumların fəaliyyəti ilə bağlı metodik təklif və tövsiyələr vermək, həmin qurumların nizamnaməsində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı ayrı-ayrılıqda razılıq vermək və Nazirə təqdimat etmək;
3.1.27. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər qurmaq;
3.1.28. İnstitutun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:
3.2.1. İnstitut  adından   müqavilələr  bağlamaq,   əmlak  və  qeyri-əmlak  hüquqları   əldə etmək və qanunvericilikdə nəzərdə tutulan digər qaydada müvafiq öhdəliklər daşımaq;
3.2.2. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, aktların qəbul olunması və onlara dəyişikliklər edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxal təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. İnstituta müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, monitorinqlər keçirmək, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.6. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.7. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və müvafiq sahədə ödənişli konsaltinq xidmətləri göstərmək;
3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.12. səlahiyyətləri daxilində dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən müəyyən qaydada zəruri məlumatlar və arayışlar almaq;
3.2.13. qanunvericiliyin tələblərinə uyğun doktorantura və digər təhsil formaları vasitəsi ilə yüksək ixtisaslı elmi kadr hazırlığını təşkil etmək;
3.2.14. iqtisadiyyat elmi və ölkə iqtisadiyyatının aktual məsələlərinin elmi  şərhini vermək, elmi-tədqiqat işlərinin nəticələrini, elmi məqalələri, məruzələri və sair materialları, elmi-praktik jurnal, dövri məlumat, kitab və kitabça şəklində çap etmək üçün müəyyən olunmuş qaydada nəşriyyat fəaliyyətini həyata keçirmək;
3.2.15. ödənişli əsaslarla hüquqi və fiziki şəxslər üçün elmi-tədqiqat işləri aparmaq, konsultasiya fəaliyyəti ilə təmin etmək, ödənişli əsaslarla kadr hazırlamaq və fəaliyyətinə uyğun qanunvericilikdə qadağan olunmayan digər xidmətləri göstərmək;
3.2.16. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya iştirak etmək;
3.2.17. fəaliyyəti ilə bağlı açıq və qapalı arayış və hesabatlar hazırlamaq və Nazirə təqdim etmək;
3.2.18. normativ hüquqi aktlara uyğun və Nazir tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. İnstitutun idarə olunması

4.1. İnstitut    öz    fəaliyyətində    və    idarəetmədə    mütərəqqi    korporativ    idarəetmə standartlarını tətbiq edir.
4.2. İnstitutun təsisçisi Azərbaycan Respublikasıdır.
4.3. İnstitutun yenidən təşkili və ləğvi ilə bağlı təsisçi səlahiyyətləri istisna olmaqla digər təsisçi səlahiyyətlərini Nazirlik həyata keçirir.
4.4. İnstitutun fəaliyyəti Nazir tərəfindən təsdiq olunan nizamnamə ilə həyata keçirilir.
4.5. Nazirin səlahiyyətlərinə aşağıdakılar aiddir:
4.5.1. İnstitutun nizamnaməsini təsdiq edir və nizamnamə fondunun miqdarını müəyyən edir, onları dəyişdirir;
4.5.2. İnstitutun idarəetmə orqanlarını yaradır, onların rəhbərlərini (üzvlərini) vəzifəyə təyin və vəzifədən azad edir;
4.5.3. İnstitutun   İdarə   Heyəti   tərəfindən   təqdim   edilmiş   illik   maliyyə   hesabatlarını, maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;
4.5.4. İnstitutun   İdarə   Heyəti   tərəfindən   təqdim   edilmiş   strukturu,   əməyin   ödənişi fondunu, işçilərin say həddini və onların əmək haqlarının məbləğini (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edir;
4.5.5.  İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verir;
4.5.6. İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə İnstituta aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verir;
4.5.7. bu Nizamnamənin 1.5-ci bəndində nəzərdə tutulmuş qərarı qəbul edir;
4.5.8. İdarə  Heyətinin  üzvlərinin  və  İdarə  Heyəti  sədrinin  müavinlərinin  sayını  müəyyən
edir.
4.6. İnstitut İdarə Heyəti tərəfindən idarə edilir.
4.7. İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.8. İdarə Heyətinin üzvləri Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.9. İdarə  Heyətinin  tərkibi  5  nəfərdən  ibarətdir:   İdarə  Heyətinin  sədri,  İdarə  Heyəti
sədrinin birinci müavini və İdarə Heyəti sədrinin digər üç müavini.
4.10. İdarə  Heyətinin  sədri  müvəqqəti  olmadıqda,  onun  səlahiyyətlərini  İdarə  Heyəti sədrinin  birinci  müavini,  İdarə  Heyəti  sədrinin  birinci  müavini  olmadıqda  isə  bu  səlahiyyəti İdarə Heyəti sədrinin İdarə Heyəti üzvləri arasından müəyyən etdiyi şəxs icra edir.
4.11. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.11.1. İnstitutun fəaliyyətini təşkil edir, onun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən edir və bu barədə İdarə Heyəti sədri vasitəsilə Nazirə məlumat verir;
4.11.2. İnstitutun nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün İdarə Heyəti sədri vasitəsi ilə Nazirə təkliflər verir və sənədlər təqdim edir;
4.11.3. İnstitutun strukturunu, işçilərinin say həddini, İnstitutda əməyin ödənilməsi formaları və miqdarını  İdarə Heyəti sədri vasitəsi ilə Nazirə təqdim edir;
4.11.4. İnstitutun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı dinləyir və daha sonra yekun hesabatları  İdarə Heyəti sədri vasitəsi ilə Nazirə təqdim edir;
4.11.5. İnstitutun  kənar auditorunu  təyin  edir,  audit  hesabatını  qəbul  edir və  onu  İdarə Heyəti sədri vasitəsi ilə Nazirə təqdim edir;
4.11.6. Kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.11.7. Aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.11.8. Nazirin razılığı ilə İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.11.9. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.11.10. Cari   və   operativ   məsələlər   barədə   İdarə   Heyəti   sədri   vasitəsi   ilə   Naziri məlumatlandırır;
4.11.11. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
4.11.12. İdarə  Heyətinin  və  əməkdaşların  fəaliyyəti  zamanı  maraqlar  münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
4.11.13. Nazirin razılığı ilə İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin institutun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
4.11.14. İnstitutun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir;
4.11.15. bu Nizamnamənin 3.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;
4.11.16. institutun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların müvafiq olaraq əsasnamələrində və nizamnamələrində təsbit edilmiş vəzifələrini həyata keçirir;
4.11.17. İnstitutun elmi əsərlər toplusunun, elmi-praktik jurnalının, analitik-informasiya bülletenlərinin və s. çap məhsullarının dərc olunması və elmi-praktik konfranslar, müşavirələr, seminarlar, dəyirmi masalar və s. bu kimi digər elmi məclislər keçirilməsi haqqında qərar verir;
4.11.18. institutun elmi-praktik fəaliyyətinin əsas istiqamətlərini, elmi-tədqiqat işləri və tədris planlarının və proqramlarının layihələrini müzakirə və təsdiq edir;
4.11.19. Qanunvericiliyin tələblərinə uyğun olaraq elmi kadrların hazırlanması və ixtisasının artırılması ilə əlaqədar məsələləri müzakirə edir, doktorantların və dissertantların dissertasiyalarının mövzularını, planlarını və elmi rəhbərlərini təsdiq edir, hazır olan dissertasiya işlərinin ilkin müzakirəsini həyata keçirir;
4.11.20. Dissertasiya və digər elmi-tədqiqat işlərini müzakirə edir və müvafiq rəy verir, elmi dərəcələr və adlar verilməsi, müvafiq dissertasiya şuralarının yaradılması üçün təkliflər hazırlayır və vəsatət qaldırır;
4.11.21. başqa elmi-iqtisadi idarələrlə yaradılacaq əməkdaşlığı və əlaqələndirilmə məsələlərini müzakirə edir və müvafiq qərarlar verir;
4.11.22. bu Nizamnamənin 3.1.23-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.11.23. İnstitutun maliyyə planlaşdırmasını və büdcəsini müəyyən edir;
4.11.24. İnstitutun daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və onun fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.
4.11.25. Təsisçinin  və  İdarə  Heyəti  sədrinin  səlahiyyətlərinə  aid  edilməyən  bütün  digər məsələlər barədə qərarlar qəbul edir.
4.12. İdarə  Heyətinin  sədri  ayda  bir  dəfədən  az  olmayaraq  İdarə  Heyətinin  iclaslarını çağırır  və  iclaslara  sədrlik  edir.  İdarə  Heyətinin  iclaslarının  keçirilməsi  təşəbbüsü  ilə  İdarə Heyətinin sədri və ya üzvü çıxış edir.  İdarə Heyətinin  iclasları  İdarə Heyəti  üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.  İdarə Heyətinin iclasları  müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir.  İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.13. İdarə  Heyətinin  üzvlərinə  və  İdarə  Heyətinin  iclaslarına  dəvət  olunan  şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı  məlumat verilir.  İclasın gündəliyinə İdarə  Heyətinin  hər  hansı  bir üzvünün  maraqlarına toxunan  məsələ  çıxarıldıqda,  həmin  üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.14. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.14.1. İnstitutun cari fəaliyyətinə rəhbərlik edir və İnstitutu təmsil edir;
4.14.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir,  iclaslarının gündəliyini  müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.14.3. Öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.14.4. Öz təşəbbüsü  və  ya  İdarə  Heyətinin  hər  hansı  digər  üzvünün  xahişi  əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.14.5. İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına təmin edir;
4.14.6. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.14.7. İnstitutun struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
4.14.8. İnstitutun strukturu, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İnstitutun aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edir;
4.14.9. İnstitutun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.14.10. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan əmrlər verir;
4.14.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində İnstitutun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.14.12. bu   Nizamnamə   ilə  müəyyən   edilmiş   hallar   istisna   olmaqla,   İnstitutun,   o cümlədən onun elmi katibinin, müşavirlərin, idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı qərarlar qəbul edir;
4.14.13. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və nəzarəti həyata keçirir;
4.14.14. Özünün və İnstitutun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.14.15. İnstitutun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların müvafiq olaraq əsasnamələrində və nizamnamələrində təsbit edilmiş vəzifələrini həyata keçirir;
4.14.16. İnstitutun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qrupları, o cümlədən ödənişli əsaslarla ekspert qrupları yarada bilər;
4.14.17. İnstitutda kargüzarlıq və arxiv işinin aparılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasını təmin edir;
4.15. İdarə Heyətinin üzvlərinin vəzifələri aşağıdakılardır:
4.15.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.15.2. İdarə    Heyətinin    iclasının   gündəliyi    ilə   və   baxılması    nəzərdə   tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.15.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.15.4. İdarə   Heyətinin   səlahiyyətlərinə   aid   məsələlərə   onun   iclaslarında   baxmaq barədə təkliflər verirlər;
4.15.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.16. İdarə  Heyətinin  üzvləri  onun  iclaslarında  baxılan  məsələlərə  qərəzsiz  yanaşmalı, İdarə  Heyəti  üzvünün  adına xələl  gətirə  biləcək  hərəkətlərə və çıxışlara  yol  verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.17. İnstitutda ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilik Şurası yaradıla bilər.

5. İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. İnstitutun nizamnamə fondunun məbləği 4209963,60 (dörd milyon iki yüz doqquz min doqquz yüz altmış üç manat 60 qəpik) manatdır.
5.2. İnstitutun əmlakı nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, habelə göstərilən digər xidmətlərdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.3. İnstitut    məhsullarının    (malların,    işlərin,    xidmətlərin)    qiymətləri   tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
5.4. İnstitut   öz  əmlakından   yalnız   Nizamnaməsində   müəyyən   olunmuş   məqsədlərə uyğun  istifadə  edir.  İnstitut  balansında  olan  dövlət  əmlakına  münasibətdə  səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.5. İnstitut qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İnstitutun, habelə tabeliyindəki digər qurumun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.6. İnstitut tərəfindən göstərilən xidmətlər üzrə ödənişlər nağdsız qaydada qəbul edilir.

6. İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. İnstitutun fəaliyyətinə nəzarəti təsisçi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İnstitutun idarəetmə orqanları həyata keçirirlər.
6.2. İnstitutun  fəaliyyətinə  dair  illik  hesabat   İdarə   Heyətinin   sədri  tərəfindən   Nazirə təqdim edilir.

7. İnstitutda uçot və hesabat

7.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. İnstitut idarə, filial,  nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin,  habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. İnstitut öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8.  İnstitutun ləğvi və yenidən təşkili

8.1. İnstitutun  ləğvini və yenidən təşkilini Azərbaycan  Respublikasının  Prezidenti  həyata keçirir.

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.