logo
Kadr hazırlığı
Sənayeləşmənin sürətli inkişafı, «bilik iqtisadiyyatı»na keçid, innovativ yanaşmanın tətbiqlərinin genişləndirilməsi açıq iqtisadiyyata malik ixtiyari dövlətin iqtisadi siyasətinin elementləridir. Elmi-texnoloji inkişaf sənayeləşmə əsrinin əsas və dəyişməz resurslarından biri olaraq, yüksək ixtisaslı kadr potensialı yaradır.
Bu məqsədlə Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığı ilə Elmlər Akademiyası, Universitetlər və problem mövzuları üzrə sahəvi İnstitutlar məşğul olurlar. İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu da öz profilinə uyğun olaraq, elmi kadrların fəlsəfə doktoru və elmlər doktoru yolu ilə hazırlığını həyata keçirir.
Qəbul qaydaları
Ali təhsilin bu  pilləsi üzrə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli «Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»na və eləcə də, cari qəbul planına müvafiq olaraq, hər akademik təhsil ili üzrə  həyata keçirilir.
Müvafiq qaydalara uyğun olaraq, qəbul haqqında elan rəsmi mətbuatda dərc olunmaqla ictimaiyyətin diqqətinə çatdırılır.
Qəbul aşağıdakı 12 ixtisas üzrə keçirilir:
5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi;
5302.01 - Ekonometriya; iqtisadi statistika;
5303.01 - Mühasibat uçotu;
5304.01 - İqtisadi fəaliyyət növləri;
5306.01 - Texnoloji innovasiyalar iqtisadiyyatı;
5307.01 - İqtisadi nəzəriyyə;
5308.01 - Ümumi iqtisadiyyat;
5309.01 - Sənayenin təşkili və dövlət siyasəti;
5310.01 - Dünya iqtisadiyyatı;
5311.01 - Müəssisələrin təşkili və idarə olunması;
5312.01 - Sahə iqtisadiyyatı;
5313.01 - Demoqrafiya.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verirlər.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq istəyənlər üçün tələb olunan sənədlər:
  • ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun direktorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
  • tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomlar və diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (əsli şəxsən təqdim edilir) (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir));
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).
Əlavə olaraq
Doktoranturada fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən
sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə və əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş
çıxarış (iş stajı olanlar üçün).
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən
sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • çap olunmuş elmi əsərlərin siyahısı;
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış.
 
Əlavə məlumat üçün:
 Tel: +99412 430 01 70
 Mob: +99451 280 43 35
 E-poçt: office@esri.gov.az 
 
 

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.