5 – 7 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə “İqtisadi dəhlizlər vasitəsilə regional əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi” mövzusunda Regional Əməkdaşlıq və İnteqrasiya Konfransı keçirilib.
Konfransda son dövrlərdə AİB-in iqtisadi dəhlizlərin inkişafı üçün hazırladığı təlimat qeydləri təqdim edilib və daha sonra nümayəndələrdən öz ölkələrində təlimat qeydlərinin tətbiqi ilə bağlı çıxışlar dinlənilib.
Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) təmsil etmiş Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov çıxış edərək Azərbaycanda iqtisadi dəhlizlərin inkişafı ilə bağlı son illərdə görülən işlərdən, Cənub Qaz Dəhlizi və Orta dəhliz layihələrindən bəhs edib və gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinin səmərəliliyini qeyd edib.
Konfrans çərçivəsində CAREC İnstitutunun və AİB-in yüksək vəzifəli şəxsləri ilə gələcəkdə mümkün əməkdaşlıqlarla bağlı müəyyən danışıqlar aparılıb.
Konfransın son günündə tədbir iştirakçıları üçün Azərbaycan – Gürcüstan sərhədinə ekskursiya təşkil edilib.