Cari ilin 31 avqust tarixində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalının baş redaktorluğu qismində jurnalın Redaksiya Heyətinin 6-cı iclası virtual formatda təşkil edilib.
İclası ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov açıq elan edərək üzv dövlətlərini təmsil edən iştirakçıları salamlayıb və İƏT çərçivəsində ESRI ilə əməkdaşlıq etməyə sövq edib. O, həmçinin vurğulayıb ki, jurnalın Redaksiya Heyəti bu günə qədər jurnalın akademik və beynəlxalq səviyyədə tanınması üçün müəllif təlimatları, jurnalının strukturunu və digər müvafiq qaydaları hazırlamaqla böyük iş görüb.
O, həmçinin elm adamları və iqtisadi siyasəti müəyyənləşdirən şəxsləri öz ölkələri ilə bağlı məsələləri, eləcə də üzv dövlətlər arasında əməkdaşlıqda yarana biləcək imkanları və riskləri müzakirə etmək üçün bir araya gətirən belə platformaların yaradılmasına görə İƏT Katibliyinə təşəkkürünü bildirib.
Daha sonra isə ESRI-nin İdarə Heyətinin sədrinin birinci müavini və jurnalın baş redaktoru Arzu Hüseynova, eləcə də İƏT Baş katibinin müavini Jandos Asanov açılış nitqləri ilə çıxış ediblər.
İclasda Jurnalın növbəti sayının hazırlanması ilə bağlı görülən işlər, artıq təqdim edilmiş məqalələr, jurnalın yeni konsepsiyası, müəllifliyin coğrafi dairəsinin genişləndirilməsi, beynəlxalq rəyçilərin cəlb olunması, jurnalın imicinin və statusun artırılması, jurnal üçün beynəlxalq akademik indeks və şifrələrin əldə olunması, eləcə də jurnalın onlayn platformasının yaradılması ilə bağlı ESRI tərəfindən hazırlanmış və iştirakçılara təqdim edilmiş layihə təklifi barədə müzakirələr aparılıb.
Fəal və konstruktiv tərzdə keçirilmiş iclasda ESRI-nin təşəbbüslərinə Redaksiya Heyətinin bütün üzv ölkələrdən olan nümayəndələri və İƏT Katibliyi tərəfindən müsbət rəy verilib, layihə təklifi təsdiq edilib və gələcəkdə də dəstəyin göstərilməsinə davam ediləcəyi bildirilib.
Həmçinin qeyd olunub ki, ESRI tərəfindən jurnalın növbəti sayının İƏT-in 2022-ci ilin payızında Bakıda keçiriləcək İƏT maliyyə və iqtisadiyyat nazirlərinin toplantısından əvvəl yekunlaşması üzrə bütün səylər səfərbər edilib və işin böyük hissəsi görülüb.