İnstitut

16 oktyabr 2026-cı il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı və Hindistan Respublikasının Əliqarh Müsəlman Universitetinin və İ. Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin tərəfdaşlığı ilə “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda II Beynəlxalq Konfrans keçirilib. Konfransın əsas məqsədi qlobal və regional iqtisadi transformasiyaları elmi və praktiki müstəvidə müzakirə etmək, yeni nəsil iqtisadiyyatın formalaşmasına təsir edən amilləri müəyyənləşdirmək, dayanıqlı, inklüziv və innovasiyaya əsaslanan inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparmaqdır.
Konfrans çərçivəsində rəqəmsallaşma, süni intellekt, texnoloji innovasiyalar, yaşıl iqtisadiyyata keçid, əmək bazarının transformasiyası, insan kapitalının inkişafı və müasir iqtisadi idarəetmə yanaşmaları kimi aktual məsələlər müzakirə olunub. Tədbir beynəlxalq elmi təcrübə mübadiləsinin aparılması, Azərbaycanın iqtisadi inkişaf prioritetlərinin müzakirəsi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Konfransın açılışında İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri professor Şahin Sadıqov “Yeni nəsil iqtisadiyyat: inklüziv və dayanıqlı gələcək naminə transformasiyalar, çağırışlar və perspektivlər” mövzusunda çıxış edərək, rəqəmsal transformasiya, süni intellekt, yaşıl iqtisadiyyat və insan kapitalının inkişafını yeni nəsil iqtisadiyyatın əsas istiqamətləri kimi vurğulayıb. O, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, innovasiya potensialının gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra Hindistanın Əliqarh Müsəlman Universitetinin professoru Rəhşanda Fazli “Yeni Nəsil İqtisadiyyat: İnklüziv və Dayanıqlı Gələcək Naminə Transformasiyalar, Çağırışlar və Perspektivlər” və İ. Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin İqtisadiyyat və Biznes Ali Məktəbinin direktoru iqtisadiyyat üzrə fəlsəfə doktoru Dinara Çerikova “Tullantılardan resurslara: Qırğızıstanda yeni nəsil iqtisadiyyatının dairəvi modeli” mövzularında çıxış ediblər.
Sessiyada yeni nəsil iqtisadiyyatda indeks, reqressiya və ekspert analizi əsasında sübutlara əsaslanan diaqnostika, rəqəmsal transformasiyanın iqtisadi nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılmış radioloji və radioekoloji tədqiqatların nəticələri, eləcə də Qərbi Asiya və Cənubi Qafqazda geosiyasi proseslər, sülh və iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.
Bu mövzular üzrə İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini professor Arzu Hüseynova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri fəlsəfə doktoru Cəlal Nağıyev, həmçinin Əliqarh Müsəlman Universitetinin Qərbi Asiya və Şimali Afrika Tədqiqatları Departamentinin müdiri Syeda Nada Qadri çıxış ediblər.
Konfransın gündəliyində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi, yaşıl enerji potensialından səmərəli istifadə, regionların dayanıqlı inkişafı və işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası məsələləri də mühüm yer tutur.
Konfrans çərçivəsində onlayn formatda altı paralel sessiya keçirilib. Tədbirə Azərbaycan, Hindistan, Qırğızıstan, Türkiyə, Pakistan, Vyetnam, Nigeriya, Latviya, Banqladeş, Mozambik, Morokko, Rusiya Federasiyası və digər ölkələrdən alim və tədqiqatçılar tərəfindən 100-dən artıq elmi məqalə təqdim olunub. Sessiyalarda ticarət, qlobal iqtisadiyyat və regional əməkdaşlıq, rəqəmsal transformasiya, innovasiya və insan kapitalı, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf, əmək bazarının transformasiyası, sosial siyasət və inklüziv iqtisadi artım, eləcə də makroiqtisadi siyasət və iqtisadi dayanıqlılıq məsələləri müzakirə olunub. İştirakçılar iqtisadi idarəetmə, süni intellektin tətbiqi, rəqəmsal iqtisadiyyat, iqlim dəyişiklikləri, məşğulluq, sosial inklüzivlik, investisiya və maliyyə mexanizmləri üzrə tədqiqat nəticələrini təqdim ediblər.Beynəlxalq konfransın müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirməsi elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və iqtisadi inkişaf üzrə praktiki təkliflərin hazırlanmasına töhfə verəcəkdir.
Konfrans beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi və yeni nəsil iqtisadiyyatın çağırışlarına elmi əsaslandırılmış həllərin axtarılması baxımından mühüm platforma rolunu oynayır.