Almatıda Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyanşan Forumu keçirilib

Almatıda Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyanşan Forumu keçirilib

2–3 noyabr 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada dayanıqlı bağlantıların və keyfiyyətli investisiyaların gücləndirilməsi” mövzusunda Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyanşan Forumu keçirilib.

Forum CAREC İnstitutu və Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Asiya İnkişaf Bankının strateji tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət qurumlarının rəhbərləri, siyasi, işgüzar və akademik dairələrin nümayəndələri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyinin nümayəndəsi iştirak edib.

Forum çərçivəsində keçirilən “Texnoloji tərəqqiyə, süni intellektə və rəqəmsal bağlantılara investisiyalar” sessiyasında çıxış edən İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətlər, süni intellekt və qabaqcıl texnologiyaların iqtisadi inkişafa təsiri, sənaye müəssisələrinin rəqəmsallaşdırılması, rəqəmsal infrastrukturun gücləndirilməsi və bu sahədə ixtisaslı kadrların hazırlanması məsələlərinə toxunub. O, həmçinin texnoloji investisiyaların iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin, regional əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsinin, eləcə də CAREC ölkələri arasında rəqəmsal bağlantıların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Forum çərçivəsində Mərkəzi Asiya ölkələri arasında iqtisadi qarşılıqlı əlaqələrin gücləndirilməsi, investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin formalaşdırılması, birgə layihələrin həyata keçirilməsi və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbir perspektivli investisiya təşəbbüsləri ilə tanışlıq, regional layihələrin maliyyələşdirilməsi sahəsində təcrübə mübadiləsi, beynəlxalq maliyyə institutları və müvafiq təşkilatlarla işgüzar əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayıb.