İnstitut
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri prof. Şahin Sadıqov və İnstitutun Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Emin Mustafayev Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən Tyanşan Forumunda iştirak ediblər. “Mərkəzi Asiyada əlaqəliliyin və investisiyaların genişləndirilməsi” mövzusuna həsr olunmuş Forum CAREC (Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Təşkilatı) İnstitutu, Sincan-Uyğur Muxtar Rayonu və Asiya İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilib.
İqtisadi Elmi Tədqiqat İnstitutun İdarə Heyətinin sədri prof. Şahin Sadıqov Forumda “CAREC regionunda səmərəli investisiyalar üçün əlverişli mühitin yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Region ölkələri üçün investisiya şəraitinin yaxşılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Xüsusilə, normativ-hüquqi çərçivələrin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyat və enerji infrastrukturunun yenilənməsi və rəqəmsal həllərin tətbiqinin sərhədlərarası layihələrin effektivliyinin artırılması baxımından əhəmiyyəti qeyd olunub.
Forumda regionun coğrafi üstünlüklərindən səmərəli istifadə olunması üçün nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, logistika və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyi qeyd olunub. Müzakirələrdə xüsusilə Orta Dəhlizin Avropa ilə Asiya arasında etibarlı və rəqabətədavamlı tranzit xətti kimi gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı vurğulanıb. Təlim və mübadilə proqramlarının genişləndirilməsi, eləcə də sosial-iqtisadi inteqrasiyanı təşviq edən təşəbbüslərə dəstək verilməsinin əhəmiyyəti qeyd edilib.
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri prof. Şahin Sadıqov səfər çərçivəsində həmçinin, 9-cu CAREC Analitik Mərkəzləri İnkişaf Forumunda iştirak edib. Forum “CAREC regionunda yaşıl təşəbbüslərin innovativ maliyyələşdirmə mexanizmləri vasitəsilə transformativ təsirinin sürətləndirilməsi” mövzusuna həsr olunub. CAREC regionunda yaşıl təşəbbüslərin icrası üçün yeni maliyyələşmə mexanizmlərinə, bilik və məlumat mübadiləsinin gücləndirilməsinə ehtiyac, eləcə də CAREC ölkələrinin tədqiqat institutları arasında birgə təşəbbüslərin genişləndirilməsi məsələləri müzakirə edilib.
Forumlarda CAREC ölkələrinin yüksək vəzifəli rəsmiləri, inkişaf tərəfdaşları, özəl sektor liderləri, biznes assosiasiyaları və regional analitik mərkəzlərin ekspertləri iştirak ediblər.
Səfər çərçivəsində CAREC İnstitutu və digər tərəfdaş qurumların nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslər üçün imkanlar müzakirə olunub.