İnstitut











İqtisadi Elmi Tədqiqat İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib. Seminar İnstitutun İdarə Heyətinin sədri prof. Şahin Sadıqovun sədrliyi ilə baş tutub.
İnstitutun İnfrastruktur sahələri şöbəsinin müdiri i.ü.f.d. Emil Qasımov “Suverenlik dövründə sosial-iqtisadi artım” mövzusunda məruzə ilə çıxış edib. Suverenlik dövründə sosial-iqtisadi inkişafın mərhələləri və hər bir mərhələnin səciyyəvi xüsusiyyətləri barədə seminar iştirakçıları məlumatlandırılıb.
İnstitutun aparıcı elmi işçisi h.ü.f.d. Zamiq Aslanov “İqtisadi suverenliyin konstitusion-hüquqi əsasları” mövzusunda çıxış edib. İqtisadi suverenlik anlayışının hüquqi mahiyyəti, onun konstitusiyada öz əksini tapması və müasir dövrdə dövlət suverenliyinin təmin olunmasında əhəmiyyəti vurğulanıb.
Seminarda Zamiq Aslanovun “Rəqəmsal suverenlik: ümumnəzəri aspektlər və müasir çağırışlar” kitabının təqdimatı həyata keçirilib. Kitab dövlət suverenliyi ideyası, dövlətin iqtisadi suverenliyinin konstitusion-hüquqi əsasları, iqtisadi suverenlik anlayışının mahiyyəti və aktuallığı, “konstitusion iqtisadiyyat” konsepsiyasının araşdırılmasına həsr olunub.
Elmi seminar çərçivəsində İnstitut tərəfindən elan olunan “Suverenlik və İqtisadiyyat” elmi məqalə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqə çərçivəsində gənc magistrant və doktorantlar tərəfindən 80-ə yaxın məqalə təqdim edilib. Məqalələr Müsabiqə Komissiyası tərəfindən struktur və texniki tərtibat, mövzunun uyğunluğu və aktuallığı, analitik yanaşma, nəticəyönümlülük və əsaslandırma, eləcə də ədəbiyyat siyahısının uyğunluğu meyarları üzrə qiymətləndirilib. Ən yüksək bal toplayan 3 məqalə seçilərək I, II və III yerlərə layiq görülüb:
I yer - “Dairəvi iqtisadiyyat və resursların effektiv istifadəsi kontekstində Azərbaycanda tullantıların idarə edilməsi təcrübəsi” məqaləsi (müəllif: ADA Universitetinin I kurs magistrantı Sona Əhmədzadə).
II yer - “Azərbaycanın iqtisadi suverenliyinin yeni modeli: rəqəmsal dövlət, yaşıl enerji və insan kapitalı üçbucağı” məqaləsi (müəllif: Azərbaycan Respublikasının Təhsil İnstitutunun II kurs doktorantı Vaqif Fətullayev).
III yer - “Süni intellekt əsrində iqtisadi suverenlik: rəqəmsal siyasət və ticarət transformasiyası Azərbaycanın müstəqil inkişafını necə formalaşdırır” məqaləsi(müəllif: Azərbaycan İqtisadi Universitetinin II kurs doktorantı Li Ting).
Elmi seminarda müsabiqə qaliblərinin çıxışları dinlənilib. Qaliblərə sertifikatlar və pul mükafatları (I yer – 1500 manat, II yer – 1000 manat, III yer – 500 manat) təqdim olunub.