İnstitut

İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşları üçün “Generativ Süni İntellekt Elmi Tədqiqatlarda: Praktiki Alətlər və Tətbiqlər” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi generativ süni intellekt (Generative AI) alətlərinin elmi tədqiqatlarda praktik istifadəsi üzrə bilik və bacarıqların artırılması, tədqiqat proseslərinin sürətləndirilməsi, analitik imkanların genişləndirilməsi, həmçinin süni intellektdən istifadənin etik çərçivələrinin izah edilməsi olub.
Təlim çərçivəsində “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kontekstində yaradıcı süni intellektin tədqiqatlarda rolu barədə geniş məlumat verilib. Qeyd olunub ki, müasir dövrdə AI alətlərinin düzgün və məqsədyönlü istifadəsi tədqiqatların keyfiyyətini və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Daha sonra generativ süni intellekt anlayışının mahiyyəti izah edilib, ChatGPT, Gemini və Grok AI kimi məşhur alətlərin imkanları, funksional xüsusiyyətləri və istifadə ssenariləri təqdim olunub. Təlim iştirakçılarına generativ AI alətlərinin əsas xarakteristikaları, məlumatların emalı, mətnlərin strukturlaşdırılması, ideyaların sistemləşdirilməsi və analitik materialların hazırlanmasında bu texnologiyaların tətbiqi yolları əyani nümunələrlə göstərilib.
Eyni zamanda, süni intellektdən istifadənin etik aspektlərinə xüsusi diqqət yetirilib. Plagiatdan qaçınma, məlumatların mənbələrinin şəffaf göstərilməsi, AI-dən köməkçi alət kimi istifadə edilməsi və elmi məsuliyyət prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
Təlim çərçivəsində gələcək perspektivlərə də toxunularaq, süni intellekt texnologiyalarının iqtisadi tədqiqatlarda rəqabətqabiliyyətinin artırılmasında mühüm rol oynayacağı qeyd edilib, bu sahədə beynəlxalq onlayn kurslar, təlimlər və vörkşopların əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və praktiki müzakirələr aparılıb. Təlimin İnstitut əməkdaşlarının elmi fəaliyyətində yeni texnoloji imkanlardan daha səmərəli istifadə etmələrinə töhfə verəcəyi bildirilib.