İnstitutun əməkdaşının məqaləsi Almaniyanın "Scopus" indeksli jurnalında dərc edilib

İnstitutun əməkdaşının məqaləsi Almaniyanın "Scopus" indeksli jurnalında dərc edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Rəqəmal iqtisadiyyat və innovasiyalar şöbəsinin rəhbəri dos. Manaf Bağırzadənin  “Avropa ölkələrinin korrupsiya və kibertəhdidlərlə mübarizədə rəqəmsal hazırlıq: Panel təhlili” adlı tədqiqat məqaləsi Almaniyanın “Business Ethics and Leadership” adlı "Scopus" indeksli jurnalında (2025, № 2, ss. 238-265) dərc olunub.

Məqalədə 2012–2024-cü illər ərzində 28 Avropa ölkəsində rəqəmsal texnologiyalardan istifadənin korrupsiya və kibercinayətkarlıqla mübarizəyə hazırlıq səviyyəsinə təsiri modelləşdirmə əsasında qiymətləndirilib. Təhlil çərçivəsində sabit effektlər və təsadüfi effektlər reqressiya modelləri tətbiq edilib, müxtəlif testlər (Breusch-Pagan, F-test, Hausman) vasitəsilə sabit effektlər modelinin daha uyğun və etibarlı spesifikasiya olduğu müəyyən edilib. Tədqiqatın nəticələri göstərir ki, texnologiyaların tətbiqi korrupsiya və kibercinayətkarlığa qarşı səmərəli mübarizə üçün kifayət deyil. Bu sahədə effektiv nəticələr əldə etmək üçün inkişaf etmiş rəqəmsal infrastrukturun institusional potensialın gücləndirilməsi də həyata keçirilməlidir.

Eyni zamanda, Almaniyanın “Financial Markets, Institutions and Risks” elmi jurnalında (2025, № 2, ss. 1-34) “Çinin Xarici Birbaşa İnvestisiyalarının ABŞ Sənayesinə Təsiri” adlı tədqiqat məqaləsi dərc olunub. Məqalənin müəllifləri ESRI-nin Rəqəmsal iqtisadiyyat və innovasiyalar şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Manaf Bağırzadə, Latviyanın ISMA Tətbiqi Elmlər Universitetinin rektoru, professor Deniss Djakons və Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədqiqatçısı Daria Bilokondur.

Məqalədə 2000-2024-cü illəri əhatə edən məlumatlar əsasında Çin birbaşa xarici investisiyalarının ABŞ-nin sənaye göstəriciləri ilə əlaqəsi çoxmərhələli empirik çərçivədə təhlil edilib. Statistik təhlildə Pirson korrelyasiya təhlili və Granger Səbəb testi istifadə edilib.