İqtisadi Elmi Tədqiqat İnstitutunda “Ərazilərin inkişafının modelləşdirilməsi” mövzusunda mühazirə dinlənilib

İqtisadi Elmi Tədqiqat İnstitutunda “Ərazilərin inkişafının modelləşdirilməsi” mövzusunda mühazirə dinlənilib

İqtisadi Elmi Tədqiqat İnstitutunda Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin (Moskva şəhəri) professoru Fuad Ələsgərovun “Ərazilərin inkişafının modelləşdirilməsi” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə ərazi idarəçiliyində qərarların daha əsaslandırılmış şəkildə qəbul olunması üçün analitik yanaşmalar müzakirə edilib. Ərazilərin (region, rayon, şəhər və s.) inkişafının qiymətləndirilməsi və idarə olunmasında məlumat bazaları, göstəricilər sistemi və ssenari modellərinin rolu vurğulanıb. Mühazirə iştirakçıları Rusiyanın “Region” informasiya sistemi təcrübəsi haqqında  məlumatlandırılıb. Sistemin “dövlət-region-rayon-şəhər-bələdiyyə” idarəetmə vahidləri üzrə monitorinq, ərazilərin reytinqləndirilməsi, problemli zonaların aşkarlanması, sosial və infrastruktur layihələrinin seçilməsi və qərarların nəticələrinin qabaqcadan qiymətləndirilməsində istifadə olunan funksiyaları qeyd olunub. Həyat keyfiyyətinin ölçülməsi üçün göstəricilər blokları (infrastruktur, təhsil və səhiyyə imkanları, mənzil keyfiyyəti, xidmətlər, ictimai asayiş, eləcə də sosial-iqtisadi və makroiqtisadi parametrlər) və bu göstəricilərin cədvəl, qrafik və xəritələr üzərindən vizuallaşdırılması nümunələrlə göstərilib. Sonda qeyd edilib ki, belə yanaşmalar idarəetmədə “məlumata əsaslanan qərarvermə”ni gücləndirir, ərazilər üzrə real vəziyyəti və proqnoz ssenarilərini müqayisə etməyə, ən effektiv müdaxilə və layihələri seçməyə şərait yaradır.

İnteraktiv və hibrid formada keçirilən mühazirədə İqtisadiyyat Nazirliyinin aparatının və regional bölmələrinin nümayəndələri və İnstitutun əməkdaşları iştirak edib, onların mövzu ətrafında sualları cavablandırılıb.

Qeyd edək ki, professor Fuad Ələsgərov qərar qəbul etmə nəzəriyyəsi, iqtisadiyyat, psixologiya kimi fənlərin təməli olan müasir seçim nəzəriyyəsinin yaradıcılarından biridir. O, ABŞ-nin və Avropanın bir çox universitetində çalışıb və mühazirələrlə çıxışlar edib. 200-dən çox məqalənin və 15 kitabın (5-i “Springer” nəşriyyatında olmaqla) müəllifidir.