İnstitut

15–17 may 2026-cı il tarixlərində Türkiyənin Tokat şəhərində “AL FARABI” XV Beynəlxalq Elmi Tədqiqat və İnnovasiya Konfransı keçirilmişdir.
Konfrans Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tekirdağ Namık Kamal Universiteti, Tokat Gaziosmanpaşa Universiteti, Bandırma Onyedi Eylül Universiteti, İstanbul Gelişim Universitetinin “Sürdürülebilir Çevre ve Toplum Uygulama ve Araştırma Merkezi”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti və İshak Razzakov adına Qırğız Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu təşkilat komitəsinin üzvləri – “Sosial siyasət və humanitar sahələr” şöbəsinin müdiri Fərhad Mikayılov və “Makroiqtisadi siyasət və tənzimlənmə” şöbəsinin baş elmi işçisi Rauf Musayev təmsil etmişlər.
Açılış və plenar sessiyalar çərçivəsində Fərhad Mikayılov “Azərbaycanda rəqəmsallaşma və yaşıl iqtisadiyyatın inteqrasiyası: dayanıqlı inkişafın təmin edilməsində innovativ idarəetmə modelləri” və “Gəlir bərabərsizliyinin iqtisadi artıma təsirlərinin qiymətləndirilməsi: Azərbaycan nümunəsində empirik təhlil” mövzularında məruzələrlə çıxış etmişdir. Təqdimatlarda rəqəmsal transformasiya və yaşıl iqtisadiyyatın qarşılıqlı əlaqəsi, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında innovativ idarəetmə mexanizmlərinin rolu, eləcə də gəlir bərabərsizliyinin iqtisadi artım dinamikasına təsirləri empirik yanaşma əsasında təhlil olunmuşdur. Azərbaycanın mövcud sosial-iqtisadi inkişaf mərhələsi kontekstində aparılan qiymətləndirmələr iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Plenar sessiyada çıxış edən Rauf Musayev isə “Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası üzrə multiregional sosial hesablar matrisinin qurulması və struktur təsirlərin modelləşdirilməsi” mövzusunda təqdimat təqdim etmişdir. Təqdimatda ölkələrarası iqtisadi əlaqələrin sosial hesablar matrisi əsasında modelləşdirilməsi, struktur təsirlərin qiymətləndirilməsi və regional iqtisadi inteqrasiyanın analitik imkanları geniş şəkildə izah olunmuşdur.
Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar arasında elmi əməkdaşlıq perspektivləri, innovativ yanaşmalar, dayanıqlı inkişaf məsələləri və iqtisadi modelləşdirmə istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılmışdır.