İnstitut


İqtisadi Elmi Tədqiqat İnstitutunun Rəqəmsal İqtisadiyyat və İnnovasiyalar şöbəsinin böyük elmi işçisi Nihalə Musazadə Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə keçirilən nüfuzlu beynəlxalq təlim proqramında uğurla iştirak etmişdir. “Cohort Training Course: Macroeconomic Analysis and Management” (“Makroiqtisadi Təhlil və İdarəetmə üzrə Kohort Təlimi”) adlı proqram BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (IMF-CCAMTAC) və Joint Vienna Institute tərəfindən birgə təşkil olunmuşdur. Təlimin birinci mərhələsi 10-21 noyabr 2025-ci il tarixlərində Almatı şəhərində, ikinci mərhələsi isə 4-15 may 2026-cı il tarixlərində Vyana şəhərində keçirilmişdir. Təlim proqramı makroiqtisadi sabitləşdirmə siyasətləri, pul-kredit və fiskal siyasət mexanizmləri, inflyasiya və məzənnə rejimləri, dövlət borcunun davamlılığı, iqtisadi artım modelləri, risk təhlili və alternativ proqnoz ssenarilərinin hazırlanması kimi mühüm istiqamətləri əhatə etmişdir.
Nihalə Musazadə təlim müddətində Azərbaycanın mövcud makroiqtisadi və maliyyə vəziyyəti, iqtisadi idarəetmə istiqamətində həyata keçirilən islahatlar, rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri və dayanıqlı iqtisadi artım strategiyalarına dair çıxış etmişdir. Azərbaycan təcrübəsi digər ölkələrdən olan təlim iştirakçıları və ekspertlərlə müzakirə edilmiş, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparılmışdır. Təlim çərçivəsində beynəlxalq ekspertlərlə qurulan peşəkar əməkdaşlıq əlaqələri gələcək tədqiqat və institusional əməkdaşlıq imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.
Təlim müddətində Nihalə Musazadə hər iki qiymətləndirmə mərhələsini uğurla tamamlayaraq beynəlxalq sertifikatla təltif olunmuşdur.