İqtisadi Elmi Tədqiqat İnstitutunun doktorantının məqaləsi Scopus bazasına daxil olan nüfuzlu beynəlxalq jurnalda dərc edilib

İqtisadi Elmi Tədqiqat İnstitutunun (İETİ) doktorantı Abdulla Abdullayevin (Elmi rəhbər – iqtisad elmləri doktoru, professor Fərhad Rəhmanov) həmmüəllifi olduğu “Süni intellektin inkişafının hansı ölçüləri turizmin ÜDM-ə birbaşa töhfəsini formalaşdırır? Çoxölkəli panel məlumatları əsasında sübutlar” (“Which dimensions of AI development shape tourism’s direct contribution to GDP? Evidence from a multi-country panel”) adlı elmi məqalə "Business Perspectives" nəşriyyatının Knowledge and Performance Management" (Scopus Q2; SJR2025 – 0,320; H-Index – 10) elmi nəşrində [2026, Cild 10, 2, s. 78-102] dərc olunub (doi:10.21511/kpm.10(2).2026.06).

Tədqiqat işi süni intellekt (Sİ) ekosisteminin inkişaf səviyyəsinin turizm sektorunun Ümumi Daxili Məhsuldakı (ÜDM) payına təsirini elmi əsaslarla araşdırır. Məqalədə 2017-2023-cü illəri əhatə edən dövr üzrə 33 ölkənin panel məlumatları analiz olunur. Tədqiqatda Stanford Universitetinin “Global AI Vibrancy Index” göstəriciləri və BMT Turizm Təşkilatının (UN Tourism) statistik məlumatlarından istifadə olunub. Məqalədə vurğulanır ki, süni intellektin ümumi inkişaf göstəricisi turizmin iqtisadi töhfəsini artırmaq üçün təkbaşına kifayət deyil. Analizlər göstərir ki, süni intellekt ekosisteminin spesifik sahələri turizmə fərqli təsir göstərir. Süni intellekt sahəsində elmi tədqiqatların intensivliyi turizmin ÜDM-dəki payı ilə birbaşa və güclü müsbət əlaqəyə malikdir. Bu, texnoloji innovasiyaların sektorun məhsuldarlığını artırması ilə izah olunur.

Dövlətin süni intellekt üzrə strateji tənzimləmə mexanizmləri turizm sektorunun bu texnologiyalardan səmərəli faydalanması üçün həlledici rol oynayır. Süni intellekt sahəsində ixtisaslı kadrların turizmə müsbət təsiri dərhal deyil, bir illik zaman gecikməsi (lagged effect) ilə özünü göstərir. Bu, mütəxəssislərin sektora uyğun rəqəmsal tətbiqlər hazırlaması üçün zamana ehtiyac duyulduğunu sübut edir.

Tədqiqatda həmçinin COVID-19 pandemiyasının turizm sektoruna təsiri dəyərləndirilib. Müəyyən edilib ki, pandemiya dövründə turizmin ÜDM-dəki payı təxminən 37% azalıb. Elmi nəticələr göstərir ki, hətta yüksək Sİ potensialına malik ölkələr belə səyahət məh-dudiyyətləri kimi fiziki şokların mənfi iqtisadi nəticələrindən tam sığortalana bilməyiblər.

Bu tədqiqat, süni intellektin iqtisadiyyatın müxtəlif sahələrinə təsirini ölçmək baxımından gələcək araşdırmalar üçün möhkəm elmi baza yaradır.

Məqalə ilə aşağıdakı veb saytından tanış olmaq olar:

https://businessperspectives.org/index.php/component/zoo/which-dimensions-of-ai-development-shape-tourism-s-direct-contribution-to-gdp-evidence-from-a-multi-country-panel