İnstitut
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2023-cü il tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı" çərçivəsində məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələri üzrə sosial-iqtisadi pasportların hazırlanması istiqamətində İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən sistemli işlər davam etdirilir.
Layihə çərçivəsində 2024–2025-ci illərdə hazırlanmış 21 yaşayış məntəqəsi üzrə sosial-iqtisadi pasportun yenilənməsi, eləcə də 2026-cı il ərzində 39 yaşayış məntəqəsi üzrə yeni sosial-iqtisadi pasportun hazırlanması nəzərdə tutulur.
Bu məqsədlə 29 iyun–4 iyul 2026-cı il tarixlərində İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqovun rəhbərliyi ilə Fərhad Mikayılov, Rauf Musayev, Rauf Hacıyev, Nigar Ələsgərli, Nərmin Babayeva və Ruslan Məmmədovun daxil olduğu nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına xidməti ezam olunub.
Ezamiyyət çərçivəsində Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın, Xocalı, Ağdam, Füzuli, Qubadlı, Xocavənd və Ağdərə rayonlarına, həmçinin Xankəndi və Şuşa şəhərlərinə səfərlər həyata keçirilib. Səfərlər zamanı yaşayış məntəqələrinin mövcud sosial-iqtisadi vəziyyəti, aparılan bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, iqtisadi və investisiya potensialı, məşğulluq imkanları və sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri yerində araşdırılıb, sosial-iqtisadi pasportların hazırlanması üçün zəruri məlumatlar toplanıb.
Ezamiyyət proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, yerli dövlət qurumları və digər aidiyyəti təşkilatların nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Görüşlər zamanı regionların sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən dövlət proqramları, investisiya mühiti, məşğulluğun artırılması istiqamətində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov bildirib ki, məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələri üzrə sosial-iqtisadi pasportların hazırlanması Böyük Qayıdış Proqramının icrasının informasiya təminatının mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, sahə tədqiqatları nəticəsində əldə olunan məlumatlar yaşayış məntəqələrinin inkişaf potensialının obyektiv qiymətləndirilməsinə, məşğulluq imkanlarının müəyyənləşdirilməsinə və gələcək sosial-iqtisadi planlaşdırmanın elmi əsaslarla həyata keçirilməsinə imkan yaradır.
Toplanmış məlumatlar və əldə olunmuş nəticələr sosial-iqtisadi pasportların hazırlanmasında, analitik hesabatların tərtibində, regionların inkişaf potensialının qiymətləndirilməsində və dövlət proqramlarının icrasının monitorinqinin daha səmərəli təşkilində istifadə olunacaq.