İnstitut



2026-cı il iyulun 22-də İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə keçirilən görüşdə iki qurum arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə İnstitutun İdarə Heyətinin sədri Şahin Sadıqov, İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova və aidiyyəti struktur bölmələrin əməkdaşları iştirak ediblər. Qırğızıstan Dövlət Texniki Universitetini Beynəlxalq əlaqələr kafedrasının müdiri Çinara Asanbekova, İqtisadiyyat və müəssisələrin idarə edilməsi kafedrasının müdiri Baxtıgül Sulaymanova və universitetin müəllimi Bermet Batırbekova təmsil ediblər.
Görüş zamanı Azərbaycan ilə Qırğızıstan arasında elmi və akademik əməkdaşlığın mövcud vəziyyəti, əldə olunmuş nəticələr və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi tədqiqatlar, rəqəmsal transformasiya, regional inkişaf, innovasiya və dayanıqlı iqtisadi artım sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müzakirələr çərçivəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq indeksli elmi jurnallarda ortaq məqalələrin hazırlanması, elmi konfrans, forum və seminarların təşkili, tədqiqatçı və ekspert mübadiləsinin genişləndirilməsi, doktorant və gənc alimlərin birgə elmi fəaliyyətə cəlb olunması, habelə beynəlxalq qrant proqramlarına ortaq layihələrin təqdim edilməsi imkanları müzakirə olunub.
Görüşün sonunda elmi əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması məqsədilə İqtisadi Elmi Tədqiqat İnstitutu ilə İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Tərəflər Memorandumun hər iki qurumun elmi potensialının gücləndirilməsinə, beynəlxalq elmi əməkdaşlığın inkişafına və ortaq tədqiqat təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, 2026-cı il iyulun 23–25-də Şuşa şəhərində “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçiriləcək. Konfrans Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), ESRI, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Qırğızıstan Milli Elmlər Akademiyası və İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.