İnstitut












2026-cı il iyulun 23-də Şuşa şəhərində “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransının açılış mərasimi keçirilib. Yerli və xarici alimləri, tədqiqatçıları, ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələrini bir araya gətirən tədbirin məqsədi regional inkişaf və rəqəmsal transformasiya sahəsində elmi müzakirələri təşviq etmək, beynəlxalq elmi əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsini gücləndirməkdir.
23–25 iyul tarixlərini əhatə edən konfrans Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI), Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Qırğızıstan Milli Elmlər Akademiyası və İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransa sədrlik edən İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov açılış nitqində tədbiri regional inkişaf, rəqəmsal iqtisadiyyat, innovasiya, dayanıqlı inkişaf və müasir iqtisadi çağırışların müzakirə olunduğu mühüm beynəlxalq elmi platforma kimi xarakterizə edib. O bildirib ki, artıq dördüncü dəfə keçirilən konfrans beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi, elmi bilik və təcrübənin paylaşılması, həmçinin birgə tədqiqat təşəbbüslərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şahin Sadıqov konfransın Şuşada keçirilməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayaraq bildirib ki, şəhər Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və dayanıqlı inkişaf siyasətinin əsas mərkəzlərindən biridir. Onun sözlərinə görə, “Ağıllı şəhər”, “Ağıllı kənd”, yaşıl enerji, rəqəmsal infrastruktur və innovativ idarəetmə layihələri yalnız bərpa prosesinin tərkib hissəsi deyil, eyni zamanda Azərbaycanın rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirilməsinə xidmət edən mühüm təşəbbüslərdir.
O cümlədən qeyd edib ki, rəqəmsal transformasiya iqtisadi artımın sürətləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması, insan kapitalının inkişafı və milli rəqabətqabiliyyətinin yüksəldilməsində əsas hərəkətverici qüvvələrdən birinə çevrilib. Süni intellekt, böyük verilənlər analitikası, rəqəmsal dövlət xidmətləri, innovasiya ekosistemləri və yaşıl texnologiyalar isə yeni iqtisadi inkişaf modelinin əsas komponentləri kimi qiymətləndirilib.
Açılış mərasimində Qırğızıstan Dövlət Texniki Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müdiri Çinara Asanbekova, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli və “İKSAD Azərbaycan”ın baş direktoru Əlvan Cəfərov da çıxış ediblər. Natiqlər beynəlxalq elmi əməkdaşlığın dərinləşdirilməsi, regional inkişafın dəstəklənməsi, rəqəmsal iqtisadiyyat sahəsində birgə tədqiqatların təşviqi və yeni elmi təşəbbüslərin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Açılış mərasimindən sonra konfrans plenar və panel sessiyalarla işini davam etdirib.
Qeyd edək ki, konfransın proqramı dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat, regional inkişaf və iqtisadi inkişaf modelləri, rəqəmsal iqtisadiyyat, süni intellekt və texnoloji transformasiya, innovasiya, startap və sahibkarlıq ekosistemi, təhsil, insan kapitalı və rəqəmsal bacarıqlar, dayanıqlı inkişaf siyasəti və beynəlxalq əməkdaşlıq, iqtisadi inkişafda İslam etikası və maliyyələşmə imkanları olmaqla yeddi əsas elmi istiqaməti əhatə edir.
Konfrans çərçivəsində ESRI Academy Təlim Mərkəzinin təşkilatçılığı ilə “Elmi tədqiqatlarda data analitika və modelləşdirmə imkanları: sahələrarası balans modeli üzrə təhlil” mövzusunda seminarın keçirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış sosial-iqtisadi pasportların və tətbiqi tədqiqat nəticələrinin vizual təqdimatı nəzərdə tutulub. Bu təqdimatlar konfransın multidissiplinar xarakterini və praktik yönümlülüyünü daha da gücləndirir.
Konfrans çərçivəsində iştirakçılar üçün Şuşa şəhərinin tarixi və mədəni məkanlarını əhatə edən xüsusi avtobus turu da təşkil olunmuşdur.
Konfransın əyani sessiyaları 23–24 iyul tarixlərində Şuşadakı “Qarabağ” hotelində keçirilir, onlayn təqdimatlar isə 25 iyul tarixində Zoom platforması vasitəsilə təşkil olunacaq. Konfransın nəticələrinin yeni elmi ideyaların yaranmasına, birgə tədqiqat layihələrinin formalaşmasına və beynəlxalq elmi əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.