İnstitut
BAKI 2026 – İdarəetmədə süni intellektdən sistemli və metodoloji istifadəni təşviq edən yeni nəşr – “Dövlət İdarəetməsində Süni İntellekt” Praktik iş işıq üzü görüb. Nəşrin müəllifi və tərtibatçısı iqtisadçı alim professor Arzu Hüseynovadır. Vəsait dövlət qulluqçularının gündəlik fəaliyyətində süni intellekt alətlərinin praktik tətbiqini sistemləşdirən iş rəhbərliyi kimi hazırlanmışdır.
Metodoloji rəhbərlik “Dövlət İdarəetməsində Süni İntellekt” kitabı daxil olan sənədlərin və rəsmi yazışmaların hazırlanmasından başlayaraq, mənbə və faktların axtarışı və yoxlanılmasını, vətəndaş müraciətlərinin emalını, məlumat və statistikanın təhlilini, siyasət təhlili və qərar dəstəyini, strategiya və fəaliyyət planlarının hazırlanmasını, normativ-hüquqi iş, büdcə, maliyyə və satınalmanı, audit və risklərin idarə edilməsini, ictimai kommunikasiyanı, beynəlxalq əməkdaşlığı, eləcə də insan resursları və təşkilati iş üzrə praktik yanaşmaları vahid metodoloji çərçivədə izah edir.
Kitabın əsas metodoloji yanaşması ondan ibarətdir ki, süni intellekt yalnız layihə hazırlayan və analitik işi dəstəkləyən vəsait kimi çıxış edir; faktların, rəqəmlərin, hüquqi əsasların və məxfiliyin yoxlanılması və yekun məsuliyyət insanın üzərində qalır. Bu prinsip əsasında AI alətlərinin etik, şəffaf və nəzarətli istifadəsinə dair praktik mexanizmlər təqdim olunur. Nəşr, dövlət qulluqçularının gündəlik işində süni intellekt alətlərinin praktik tətbiqini asanlaşdıran universal bir iş rəhbərliyi kimi hazırlanmışdır.
Müasir dövlət idarəçiliyi üçün praktik resurs
Süni intellektin dövlət idarəçiliyinə sürətlə daxil olduğu müasir dövrdə bu vəsait, dövlət qulluqçuları üçün AI alətlərindən təhlükəsiz və məqsədyönlü istifadəni təmin edən sistemli bir mənbə rolunu oynayır. Nəşrin əsas hədəfi əməkdaşların analitik və inzibati fəaliyyətinin keyfiyyətini yüksəltmək, gündəlik iş proseslərinin optimallaşdırılmasına şərait yaratmaq və rəsmi idarəetmə prinsiplərinə xələl gətirmədən süni intellektdən vahid və məsuliyyətli yanaşma əsasında faydalanmağı formalaşdırmaqdır. Nəşrin elektron versiyası üçün: https://shorturl.at/NUxjG və https://shorturl.at/Gj6mo