İnstitut
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini professor Arzu Hüseynovanın “Elmi tədqiqatlarda süni intellekt: Praktik metodoloji rəhbərlik” (Artificial Intelligence in Scientific Research: A Practical Methodological Guide) adlı kitabı 2026-cı ildə “Generis Publishing” nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunub.
Kitab elmi tədqiqatın bütün mərhələlərində süni intellektdən məqsədyönlü, etik və səmərəli istifadəyə dair sistemli metodoloji çərçivə təqdim edir. Nəşrdə mövzunun seçilməsi, ədəbiyyat icmalının hazırlanması, metodologiyanın işlənməsi, məlumatların təhlili və elmi nəticələrin nəşrə hazırlanması proseslərində süni intellektin tətbiqi imkanları izah olunur. Eləcə də kitabda bu texnologiyaların institusional səviyyədə tətbiqi, idarə olunması və keyfiyyətin təmin edilməsi məsələləri nəzərdən keçirilir.
Nəşrdə akademik dürüstlük, insan nəzarəti və elmi nəticələrin etibarlılığına xüsusi diqqət yetirilir. Kitabın əsas prinsipinə görə, süni intellekt tədqiqatçını dəstəkləyir, lakin onun elmi mühakiməsini əvəz etmir. Elmi yeniliyin formalaşdırılması, metodoloji seçimlər, nəticələrin şərhi və yoxlanılması, eləcə də yekun məsuliyyət tədqiqatçının üzərində qalır.
17 fəsil və 16 əlavədən ibarət kitabda 108 sorğu nümunəsi və 163 süni intellekt alətini əhatə edən reyestr təqdim edilir. Kitabda tədqiqatın müxtəlif mərhələləri üçün alətlərin seçilməsi meyarları, effektiv sorğuların hazırlanması üsulları, praktik nümunələr, yoxlama siyahıları və standart əməliyyat prosedurları yer alır. Süni intellekt alətləri tədqiqat prosesinin bütün mərhələlərini birləşdirən vahid ekosistem çərçivəsində izah olunur.
Kitab elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri və elmi fəaliyyətin təşkili ilə məşğul olan mütəxəssislər üçün süni intellektdən məsuliyyətli və səmərəli istifadəyə dair praktik metodoloji resurs kimi nəzərdə tutulub.
ISBN: 979-8-89966-821-0
Kitab haqqında ətraflı məlumat: https://generis-publishing.com/book.php?title=artificial-intelligence-in-scientific-research-3652