İnstitut

16-18 noyabr 2026-cı il tarixlərində İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqovun rəhbərliyi ilə institutun əməkdaşları Fərhad Mikayılov, Rauf Musayev və Ruslan Məmmədovdan ibarət tədqiqat qrupu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına xidməti ezamiyyətdə olublar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2023-cü il tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələrinin sosial-iqtisadi pasportlarının hazırlanması istiqamətində İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən sistemli işlər davam etdirilir. Bu çərçivədə 2024-2025-ci illərdə 21 yaşayış məntəqəsi üçün hazırlanmış sosial-iqtisadi pasportların yenilənməsi, eləcə də 2026-cı ildə 39 yaşayış məntəqəsi üzrə yeni pasportların hazırlanması nəzərdə tutulur.
Ezamiyyət çərçivəsində İqtisadiyyat Nazirliyinin Qarabağ Regional bölməsinin əməkdaşı Ülvi Abışovun iştirakı ilə Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın, Xocalı, Ağdam, Füzuli, Qubadlı, Xocavənd və Ağdərə rayonlarına, həmçinin Xankəndi və Şuşa şəhərlərinə səfərlər həyata keçirilib. Səfərlər zamanı yaşayış məntəqələrinin mövcud sosial-iqtisadi vəziyyəti, aparılan bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, iqtisadi və investisiya potensialı, məşğulluq imkanları və sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri yerində araşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları, yerli dövlət qurumlarının və digər aidiyyəti təşkilatların nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Görüşlərdə müvafiq yaşayış məntəqələri üzrə hazırlanmış sosial-iqtisadi pasportların cari vəziyyəti təqdim olunub, onların təkmilləşdirilməsi və məlumatların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşlər və sahə tədqiqatları zamanı əldə olunan məlumatlar yaşayış məntəqələrinin inkişaf potensialının obyektiv qiymətləndirilməsinə, məşğulluq imkanlarının müəyyənləşdirilməsinə və gələcək sosial-iqtisadi planlaşdırmanın elmi əsaslarla aparılmasına imkan yaradacaq. Toplanmış məlumat və nəticələr sosial-iqtisadi pasportların təkmilləşdirilməsində, inkişaf potensialının qiymətləndirilməsində və dövlət proqramlarının icrasına monitorinqin səmərəli təşkilində istifadə olunacaq.