2 mart 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.
Konfrans çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişaf perspektivləri”, “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələri təşkil edilib. Tədbirin “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” adlı panel sessiyası üzrə moderator İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov olub. Sessiyada bank sektorunda və qeyri-bank sektorunda maliyyə vasitələrinin tətbiqindən, Beynəlxalq Maliyyə Korporasiyasının bəzi institusional yanaşmalarından, hökumətlə danışıqlardan, investorlarla, eyni zamanda sahibkarlarla müzakirələrdən, bank və qeyri-bank sektoru üzrə ölkəmizdə maliyyə sektorunun cari vəziyyətindən, həmçinin yerli və beynəlxalq təcrübələrdən bəhs edilib.