logo
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı məqalə müsabiqəsinin qalibləri ictimaiyyətə təqdim olunub
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı məqalə müsabiqəsinin qalibləri ictimaiyyətə təqdim olunub

Müsabiqə Komissiyasının üzvləri vurğulayıblar ki, müsabiqəyə marağın bu qədər yüksək olması və məqalələrin məzmununun zənginliyi Heydər Əliyevin şəxsiyyətinə olan sevgi və hörmətin təcəssümüdür.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən elan edilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsinin qalibləri ictimaiyyətə təqdim olunub.

Hibrid formatda təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış etmiş ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və institusional inkişafına verdiyi misilsiz töhfələrindən, Azərbaycan və azərbaycançılıq üçün göstərdiyi danılmaz xidmətlərdən bəhs edib. O, sözügedən müsabiqənin Heydər Əliyev irsinin, eləcə də ölkəmizin hazırkı sosial-iqtisadi kursunun tədqiq edilməsini təşviq etmək məqsədi daşıdığını xatırladaraq müsabiqəyə qatılmış hər kəsə göstərdikləri maraq və verdikləri dəyər üçün təşəkkür edib. Qaliblərin adlarını açıqlamış M. Hümbətov onlara gələcək fəaliyyətlərində də müvəffəqiyyətlər arzulayıb.

Daha sonra çıxış etmiş Müsabiqə Komissiyasının sədri, ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, i.e.d. Arzu Hüseynova müsabiqə barədə ümumi məlumat verib. O, qeyd edib ki, müsabiqəyə 4 dildə olmaqla 12 ölkədən 80-ə yaxın məqalə daxil olub. A. Hüseynova daxil olan məqalələr arasında Müsabiqə Komissiyası tərəfindən seçilmiş, ESRI-nin jurnalının və İqtisadi Əməkdaşlıq Təşkilatının ESRI-nin Baş Redaktorluğu altında olan “İqtisadiyyat” jurnalının Redaksiya Heyətləri tərəfindən məqbul görülmüş xüsusi məqalələrin sözügedən jurnallarda dərc olunacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış etmiş Müsabiqə Komissiyasının üzvləri ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə, onun iqtisadi siyasətinə verdiyi töhfələrdən bəhs ediblər. Vurğulayıblar ki, müsabiqəyə marağın bu qədər yüksək olması və məqalələrin məzmununun zənginliyi Heydər Əliyevin şəxsiyyətinə olan sevgi və hörmətin təcəssümüdür.

Daha sonra qısa nitq üçün söz 6 ölkədən olan 8 qalibə verilib. Onlar isə öz növbələrində ESRI-yə belə bir müsabiqənin təşkil edilməsinə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin məqalələrinin yüksək səviyyədə və müvafiq kriteriyalara uyğun qiymətləndirilməsinə görə Müsabiqə Komissiyası üzvlərinə təşəkkür ediblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.