logo
ESRI Qırğızıstanda İkinci Beynəlxalq Dövlət-Özəl Tərəfdaşlığı Konfransında təmsil edilib
Konfrans çərçivəsində Qırğızıstan Respublikasının Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzi ilə İqtisadi Elmi Tədqiqat İnsitutu (ESRI) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

28 – 29 sentyabr 2023-cü il tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində İkinci Beynəlxalq Dövlət-Özəl Tərəfdaşlığı Konfransı keçirilib.

Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Vüqar Abbasov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov təmsil ediblər.

Konfransı Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akilbek Japarov açıq elan edib. Tədbirdə dövlət-özəl tərəfdaşlığının tarixi, bu tərəfdaşlığın hal-hazırda hansı səviyyədə olması, dövlət-özəl tərəfdaşlığının inkişafının vacib iqtisadi sektorlar üzərindəki təsiri, onun infrastruktur layihələrindəki yeri, dövlət-özəl tərəfdaşlığında maliyyə risklərinin dəyərləndirilməsi, rəqəmsal texnologiyaların dövlət-özəl tərəfdaşlığına tətbiqindən bəhs edilib.

Konfransın 1-ci sessiyasında ESRI-nin Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev çıxış edib. O, çıxışı zamanı Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, qarşıda duran çağırışlar, azad edilmiş ərazilərdəki yenidənqurma və bərpa işləri çərçivəsində dövlət-özəl tərəfdaşlığının perpektivləri və gələcəkdə görülə biləcək işlərdən bəhs edib. Ş. Quliyev həmçinin ESRI tərəfindən təşkil edilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Dövlət-Özəl Tərəfdaşlığı Forumu, o cümlədən dövlət-özəl tərəfdaşlığı ilə bağlı ESRI-nin nəzərdə tutduğu kitab layihəsi barədə məlumat verib.

Konfrans çərçivəsində ESRI əməkdaşları BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının xüsusi “Dayanıqlı inkişaf hədəfləri üçün dövlət-özəl tərəfdaşlığı” seminarında iştirak ediblər və öz fikirlərini bölüşüblər.

Konfransın sonunda Qırğızıstan Respublikası Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzi ilə ESRI arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İki qurum arasında bağlanmış memorandum əsasında gələcəkdə dövlət-özəl tərəfdaşlığı sahəsində siyasət əsaslı tədqiqatlar və məsləhətləşmələr aparılacaqdır.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.