İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 13 – 15 sentyabr tarixlərində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində İstanbulda keçirilmiş tədbirlərdə iştirak edib. Belə ki, 13 sentyabr 2023-cü il Türk Dövlətləri Təşkilatının İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupunun 14-cü iclası keçirilib. İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev də gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edərək Azərbaycanı təmsil edib. O, Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya ilə Məşğul olan İqtisadi Siyasət Mərkəzləri Şəbəkəsinin (ERCNET) təsis protokolu haqqında və yeni tədqiqat mərkəzi təkliflərinin konsepti haqqında Azərbaycan mövqeyindən digər ölkələrə münasibətdə fikirlər səsləndirib.
14 sentyabr 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının İqtisadiyyat və Ticarət üzrə Məsul Nazirlərinin 12-ci İclası keçirilib.
İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə TDT-nin mühüm rol oynadığını vurğulayıb. Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığının digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişləndiyini qeyd edən E. Əliyev son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüslərinin artmaqda olduğunu bildirib.
Həmin gün Türk Dünyası Biznes Forumu da keçirilib. Forumda açılış nitqi ilə çıxış etmiş Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat TDT çərçivəsində ortaq tarix və mədəniyyət, dostluq və qardaşlıq əsasında münasibət və əməkdaşlığın günü-gündən inkişaf etməkdə davam etdiyini qeyd edib. O həmçinin TDT-nin təqdim etdiyi baxış, layihələr və fəaliyyətlərlə artıq mühüm bir güc mərkəzinə çevrildiyini vurğulayıb.
Forumda çıxış etmiş E. Əliyev qlobal dünyada çağırışların həllində türk dövlətlərinin birgə fəaliyyətinin önəmini vurğulayıb. O, bildirib ki, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb.
E. Əliyev həmçinin qeyd edib ki, türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.
Forum işgüzar dairələrin iştirakı ilə keçirilmiş ikitərəfli (“B2B”) görüşlərlə davam edib.