logo
ESRI Birləşmiş Ərəb Əmirliklərində 8-ci Dünya İnvestisiya Forumunda təmsil edilib
Forum çərçivəsində İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda Dövlət-Özəl Tərəfdaşlığının Cari Vəziyyəti” adlı panel sessiyasında çıxışçı qismində iştirak edib.

16 – 20 oktyabr 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Dünya Dövlət-Özəl Tərəfdaşlığı Assosiasiyasının (WAPPP) təşkilatçılığı ilə “Dayanıqlı inkişafa investisiya” mövzusunda 8-ci Dünya İnvestisiya Forumu keçirilib.

 

Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və İqtisadi modelləşdirmə, statistika və data analitikası şöbəsinin kiçik elmi işçisi Lalə Tağıyeva təmsil ediblər.

 

Tədbir zamanı dövlət-özəl tərəfdaşlığı layihələrinin yaradılması və maliyyələşdirməsindəki yeniliklər, dövlət-özəl tərəfdaşlığı sövdələşmələrinin inkişafı, dövlət-özəl tərəfdaşlığı layihələrinin iqtisadi inkişafdakı müstəsna rolu kimi mövzular müzakirə edilib.

 

Forum çərçivəsində E.Lətifli “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda Dövlət-Özəl Tərəfdaşlığının Cari Vəziyyəti” adlı panel sessiyasında çıxışçı qismində iştirak edib.

 

O, çıxışı zamanı Azərbaycanda dövlət-özəl tərəfdaşlığının cari vəziyyəti, ötən ilin dekabr ayında qəbul edilmiş “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycanda dövlət-özəl tərəfdaşlığının institusional çərçivəsi, İqtisadiyyat Nazirliyinin dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsində müstəsna rolu haqqında məsələlərə toxunub.  

 

E.Lətifli qeyd edib ki,  2020-ci ildə İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyininin bərpa edilməsi Azərbaycanın dövlət-özəl tərəfdaşlığına yanaşması baxımından dönüş nöqtəsi olub. Həmçinin E.Lətifli 2022-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və bu proqrama əsasən planlaşdırılan quruculuq işləri barədə məlumat verib.

 

ESRI-nin Azərbaycan dilində dövlət-özəl tərəfdaşlığı kitab layihəsi və 2025-ci ildə UNECE Beynəlxalq Dövlət-Özəl Tərəfdaşlığı Forumunu Bakıda keçirmək niyyəti barədə məlumat vermiş E.Lətifli ESRI-nin bütövlükdə dövlət-özəl tərəfdaşlığı barədə məlumatlılığın artırılmasında mühüm rolundan bəhs edib.

 

Forum çərçivəsində 18 oktyabr tarixində Dövlət-Özəl Tərəfdaşlığı Təsisatlarının Qlobal Şurasının iclasında WAPPP-ın rəhbər heyəti, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qırğızıstan, Misir, İordaniya kimi ölkələr daxil omaqla toplamda 18 ölkənin Dövlət-Özəl Tərəfdaşlığı vahidlərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün məqsədi dövlət-özəl tərəfdaşlığı bölmələrinin rəhbərləri arasında münasibətlərin genişləndirilməsi və həyata keçirilən layihələr barədə fikir mübadiləsinin aparılması olub.   

 

Dəyirmi masada iştirak etmiş E.Lətifli buradakı çıxışı zamanı ESRI-nin dövlət-özəl tərəfdaşlığı istiqamətində apardığı tədqiqatlardan və yaradılması planlaşdırılan dövlət-özəl tərəfdaşlığı təsisatından bəhs edib. Həmçinin o, WAPPP ilə olan əməkdaşlığın əhəmiyyətinə toxunub və bu sahədə olan təcrübələrin mübadiləsinin vacibliyini vurğulayıb.

 

Forum çərçivəsində ESRI əməkdaşları ilə bir sıra beynəlxalq qurumların nümayəndələri arasında görüş keçirilib. Harvard Universitetinin İnkişaf Laboratoriyasının (Growth Lab) yaradıcısı, professor Rikardo Hausman ilə görüş zamanı ESRI ilə Growth Lab nümayəndələri arasında ESRI-də keçirilmiş hibrid formatlı görüş, müzakirə edilmiş əməkdaşlıq imkanları və həyata keçirilməsi planlaşdırılan birgə işlər ətrafında müzakirələr aparılıb.

 

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.