25 oktyabr 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) nümayəndələri ilə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə ESRI-ni İdarə Heyətinin sədrinin birinci müavini Arzu Hüseynova, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin kiçik elmi işçisi Fəridə Mehralızadə, Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Həbibə Cabbarova təmsil ediblər.
AZSTAND tərəfindən görüşdə baş direktor İlham Bayramov, direktorun müavini Kəmalə Məmmədzadə, İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev, Tərcümə və nəşrlər şöbəsinin müdiri Vüsalə Cəfərova və digər əməkdaşlar iştirak ediblər.
Görüş zamanı standartların tətbiqində mövcud problemlər, yerli və beynəlxalq təcrübələr, məlumat bazalarında, standartlaşdırma sahəsi üzrə qanunvericilikdə olan boşluqlar, standartların tətbiqinin iqtisadiyyata mezo, mikro və makro səviyyədə təsirləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin milli standartların yaradılması zərurəti və bu məsələ qarşısında duran çətinliklərin müəyyən edilərək aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Görüşdə ESRI tərəfindən AZSTAND ilə ortaq işlərin görülməsi istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən də yaxından dəstək göstərilməsinin vacibliyi qeyd edilib.
Həmçinin ESRI və AZSTAND tərəfindən birgə həyata keçirilməsi nəzərdə tutulan layihənin icrasına dair müzakirələr aparılıb. Eləcə də, tərəflər arasında gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin mümkünlüyü dəyərləndirilib.