15 oktyabr 2022-ci il tarixindən etibarən “British Petroleum” şirkəti “Ekvita” şirkəti ilə birgə əməkdaşlıq üzrə qrant layihəsi çərçivəsində ESRI-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibində olan Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması” üzrə altqrupunun 2022-ci il üzrə Yol Xəritəsinin 14-cü bəndinin icrası məqsədilə, həmçinin tədqiqatçıların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar olaraq keçirilmiş ”Elmmetrik bacarıqlar: tədqiqat metod və alətləri” adlı təlim cari ilin 3 dekabr tarixində yekunlaşıb.
Sözügedən altqrupun rəhbəri, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərovun təşəbbüsü əsasında təşkil edilmiş təlim 30 gün davam edib. Təlim çərçivəsində “Tədqiqat üsulları” modulunun təlimçisi ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru, prof. Arzu Hüseynova, “Beynəlxalq elmmetrik bazarla tanışlıq və profillərin yaradılması” modulunun təlimçisi qismində isə Azərbaycan Dövlət İqtisad Universiteti Əlavə təhsil şöbəsinin müdiri, iqtisadçı-alim Emin Qəribli olublar.
Təlimin yekunu üzrə cari ilin 5 dekabr tarixində sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov, ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru, prof. Arzu Hüseynova, Ekvita şirkətinin partnyoru Fərid Baxşıyev və sözügedən işçi qrupunun katibi Nübar Hüseynli iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən iştirakçılar qismində seçilmiş ali təhsil müəssisələrinin doktorant, həmçinin maraqlı olan tərəflər üçün nəzərdə tutulmuş təlimin yekununda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti və ESRI-ni təmsil edən nümayəndələrinə müvafiq sertifikatlar təqdim edilib.