30 noyabr – 1 dekabr 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) dövlət-özəl tərəfdaşlığı üzrə işçi qrupunun 7-ci sessiyası keçirilib.
Sessiyada İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin elmi işçisi Vüqar Abbasov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin elmi işçisi Əfraim Məmmədov təmsil ediblər.
Sessiya zamanı UNECE İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı Komitəsinin gündəliyində duran mühüm məsələlər, o cümlədən rəqəmsal və yaşıl transformasiyanın sürətləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, gender bərabərliyi, qadınların səlahiyyətlərinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinə doğru yolda innovasiya və infrastruktur layihələrinin işlənib hazırlanması, habelə işçi qrupun 2023 – 2025-ci illər üzrə iş planına dair məsələlər müzakirə olunub.
Sözügedən sessiyada ESRI əməkdaşları UNECE ilə aparılan danışıqların davamı olaraq 9-cu Beynəlxalq Dövlət-Özəl Tərəfdaşlığı Forumunun 2025-ci ildə Bakıda keçirilməsi təklifini səsləndirib və Azərbaycanın bu Foruma ev sahibliyi etməyə hazır olduğunu bəyan ediblər.