logo
ESRI “InMerge” İnnovasiya Sammitində təmsil edilib
InMerge İnnovasiya Sammiti çərçivəsində “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

30 noyabr – 1 dekabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində “InMerge” İnnovasiya Sammiti keçirilib.

Sammitin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin “Trendyol Group” şirkətinin direktoru Erdem İnan, eləcə də “Apple” şirkətinin qurucularından olan Stiv Voznyak çıxış ediblər.

Sammitdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin böyül elmi işçisi Emin Əmrahov, həmin şöbənin kiçik elmi işçisi Kərim Hacıyev, Maliyyə, təminat və sənədlərlə iş şöbəsinin mütəxəssisləri Aydan Axundova, İzzət Salmanova, Ənvər Hacıyev, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçiləri Gülnar Əliyeva, Həbibə Cabbarova və referent Elvina Xanışova təmsil ediblər.

InMerge İnnovasiya Sammiti çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SOCAR və “Paşa Holdinq” arasında “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edək ki, sözügedən sammit artıq üçüncü ildir ki ölkəmizdə keçirilir. Sammitin məqsədi dünyanın aparıcı texnologiya şirkətlərini, startapları və innovatorları bir araya gətirmək və innovasiya texnologiyaları sahəsinin ölkəmizdəki inkişafına təkan verməkdir.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.