logo
Baş redaktorluğu ESRI-də olan İƏT-in “İqtisadiyyat” jurnalının 8-ci sayı Bakıda nəşr edilib
Baş redaktorluğu ESRI-də olan İƏT-in “İqtisadiyyat” jurnalının növbəti sayında Azərbaycan, İran, Qazaxıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Ukraynadan olan müəlliflərin məqalələri yer alıb.

Baş redaktorluğu İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalının yeni – 8-ci sayı Bakıda nəşr edilib.

Jurnalda Azərbaycan, İran, Qazaxıstan, Özbəkistan, Pakistan, Tajikistan, Türkiyə, Türkmənistan və Ukraynadan  olan müəlliflərin 15 məqaləsi təqdim edilib. Həmçinin jurnalın bu sayına İƏT Baş katibi Xusrav Noziri də öz məqaləsi ilə töhfə verib.

Bu il Azərbaycanın İƏT-ə sədrlik etməsindən irəli gələrək iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalın bu sayına ön söz yazıb.

Jurnalın bu sayında məqalələr sosial-iqtisadi inkişafın analitik icmalı və tendensiyaları, regional inteqrasiya, İƏT ölkələrinin iqtisadi potensialı və fəaliyyəti, qlobal iqtisadi çağırışlar və onların regiona təsiri, iqtisadi əməkdaşlıq, idxal-ixrac, infrastruktur, rəqəmsallaşma kimi geniş mövzuları əhatə edib.

Qeyd edək ki, beynəlxalq elmi və praktiki mühitdə daha da tanıdılması üçün jurnalın 8-ci sayının IMRaD (introduction - giriş, methods - metod, results - nəticələr və discussion - müzakirə) standartına uyğunlaşdırılması üzrə ESRI tərəfindən bir sıra işlər görülüb. Bundan əlavə, məqalələrin təqdimat şərtləri müəyyən edilib, onların tərtibatına dair tələblər və müəlliflər üçün qaydalar hazırlanıb, kənar rəyçilər bazası formalaşdırılıb. Həmçinin sözügedən jurnalın beynəlxalq standartlara cavab verməsi və etibaralılığının artırılması məqsədilə ISSN alınıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.