logo
ESRI əməkdaşları “Türk iqtisadiyyatlarında rəqəmsal ticarət və investisiya potensialının açılması” mövzusunda vörkşopda iştirak ediblər
Vörkşopun “Rəqəmsal Ticarət və İnvestisiya: Türk iqtisadiyyatlarından keys tədqiqatları və ən yaxşı təcrübələr” adlı panelində ESRI-nin Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev də çıxışçı qismində yer alıb.

25 dekabr 2023-cü il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Türk Akademiyası və Türk Dövlətləri Təşkilatı Katibliyinin təşkilatçılığı ilə “Türk iqtisadiyyatlarında rəqəmsal ticarət və investisiya potensialının açılması” mövzusunda vörkşop keçirilib.

Vörkşopun məqsədi türk dövlətlərinin iqtisadiyyatında rəqəmsal ticarət imkanlarını, eləcə də investisiya qoyuluşu ilə bağlı imkanları və qarşıya çıxan çətinlikləri müzakirə etmək olub və əsas diqqət iqtisadi inkişaf, ticarət əlaqələri və rəqəmsal investisiya perspektivlərinin artırılması üçün rəqəmsal texnologiyalardan istifadəyə yönəldilib.

Vörkşopda açılış nitqi ilə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev çıxış edib.  

Daha sonra çıxış etmiş Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu türk dövlətləri arasında rəqəmsal ticarət, rəqəmsal investisiya sahələrində əməkdaşlığın önəmini vurğulayıblar.

Sözügedən vörkşopda ESRI nümayəndələri də geniş heyətlə təmsil olunublar. Vörkşop çərçivəsində ESRI əməkdaşları Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqat İnstitutunun (ERI) İdarə Heyətinin sədri Ruslan Sultanov və Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin sənaye və texnologiya üzrə eksperti Mustafa Demir ilə görüşüblər.

Vörkşopda əsas mövzu istiqamətində Azərbaycanla bağlı fəslini ESRI-nin Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin elmi işçisi Vüqar Abbasov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin elmi işçisi Əfraim Məmmədovun yazmış olduğu “Türk iqtisadiyyatlarının 2023 hesabatı: rəqəmsal ticarət və investisiya” adlı  kitabın təqdimatı keçirilib.

Vörkşopda ESRI-nin Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev “Rəqəmsal Ticarət və İnvestisiya: Türk iqtisadiyyatlarından keys tədqiqatları və ən yaxşı təcrübələr” adlı paneldə  çıxış edib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.