logo
ESRI nümayəndələri “Bloomberg LP”nin təmsilçiləri ilə görüşüblər
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə “Bloomberg LP”nin təmsilçiləri arasında əməkdaşlıq müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) nümayəndələri ilə maliyyə xəbərləri üzrə dünyanın aparıcı agentliklərindən olan “Bloomberg LP”nin  təmsilçiləri arasında görüş keçirilib.

Görüşdə ESRI-ni İdarə Heyətinin sədri Mahir Hümbətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Makroiqtisadi siyasətin təhlili şöbəsinin elmi işçisi Əfraim Məmmədov və  Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin elmi işçisi Vüqar Abbasov təmsil ediblər. Görüşdə ESRI nümayəndələri institutun fəaliyyəti, son dövrlərdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat veriblər.

“Bloomberg LP”nin təmsilçiləri – Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə satış rəhbəri Arek Osinski, əlaqələr üzrə meneceri Bulat Yussupov və müştərilərlə iş üzrə meneceri Anna Shirshova Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları layihələrdən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ESRI ilə əməkdaşlıq etmək istəklərindən bəhs ediblər. Təmsilçilər “yaşıl enerji"nin transmissiyası, maliyyə bazarlarının təkmilləşdirilməsi və s. istiqamətlər üzrə ESRI ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Mahir Hümbətov  qeyd edilmiş məsələlərdən əlavə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişaf, iqtisadi islahatlar və bir sıra digər sahələrdə də məlumatların toplanması və təhlili, birgə araşdırma, tədbir və təlim üzrə müvafiq işlərin görülə biləcəyini vurğulayıb.

Tərəflər 2024-cü ildə bir sıra ortaq layihələrin icrası üçün əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.