logo
ESRI-də “Yaşıl iqtisadiyyat” istiqaməti üzrə tədqiqatlar uğurla davam etdirilir

2024-cü ildə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəkdir. Azərbaycan üçün böyük uğur hesab olunan bu mühüm hadisəni həm dövlətin 2030-cu il üçün müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə uyğun  fəaliyyəti, həm də ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.

Dövlətin qlobal iqlim dəyişmələrinə qarşı apardığı mübarizə, bu sahədə qarşıya qoyduğu hədəflərə nail olunması, ekoloji təmiz texnologiyaların tətbiqi və məhsul istehsalının inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi siyasətə öz töhfələrini vermək məqsədilə İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) müxtəlif tədqiqat işləri həyata keçirilmişdir.

Belə ki, 2011-2012-ci illərdə Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) dəstəyilə ESRI-də “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda tədqiqat layihəsi həyata keçirilmişdir. Tədqiqatın nəticəsində hazırlanmış olan “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” yardımçı dərs vəsaiti təhsil nazirinin müvafiq əmri ilə orta məktəbərdə tədris üçün tövsiyə edilmişdir.

2012-ci ildə ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində Almaniya təcrübəsinin tətbiqi imkanlarının tədqiq edilməsi istiqamətində “Almaniya təcrübəsi əsasında ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin tədqiqi” mövzusunda tədqiqat işi yerinə yetirilmişdir.

Həmçinin 2013-cü ildə dünya təcrübəsinin öyrənilməsi əsasında ekoloji təmiz kənd təsərrüfatının inkişaf planının hazırlanması məqsədilə İqtisadi Elmi Tədqiqat İnstitutunda “Ekoloji təmiz kənd təsərrüfatı inkişafının nəzəri aspektləri, prioritetlərinin tədqiqi və inkişafı məsələləri (Quba-Xaçmaz iqtisadi rayonu timsalında)” mövzusunda tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işinin nəticəsində “Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinə dair təkliflər layihəsi” konsepsiyası, “Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı (2014-2020)” layihəsi hazırlanmışdır. Sözügedən layihələr bu sahənin ölkəmizdə inkişafı istiqamətində zəruri dövlət siyasətinin konseptual istiqamətlərini, strateji məqsəd və hədəfləri, zəruri tənzimlənmə tədbirlərini və digər aktual məsələləri əhatə edirdi.

Həmçinin UNEC-də “yaşıl iqtisadiyyat” mövzusunda çapa hazırlanan monoqrafiyanın “Yaşıl bacarıqlar və iş yerləri” bölməsi İqtisadi Elmi Tədqiqat İnstitutunda işlənilmişdir.

Hazırda COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı olaraq ESRI tərəfindən verilmiş təkliflərə və ESRI-nin 2024-2026-cı illər üzrə təsdiq edilmiş Fəaliyyət Planının 1.2. bəndinə əsasən İnstitutda  “Yaşıl iqtisadiyyat”ın inkişaf xüsusiyyətləri, beynəlxalq təcrübə və tələblər” mövzusunda tədqiqat işinə başlanılıbdır.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.