Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən nəşr olunacaq “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusu üçün məqalə qəbulu elan edilir.
Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini nəzərə alaraq jurnalın yeni buraxılışı “Yaşıl iqtisadiyyat” mövzusuna həsr olunur.
Məqalələr aşağıdakı istiqamələri əhatə etməlidir:
- Yaşıl enerji;
- Yaşıl texnologiyalar;
- Dayanıqlı iqtisadi inkişaf;
- Ekoloji problemlərin iqtisadi nəticələri;
- Sosial-iqtisadi bərabərsizliyin iqtisadi nəticələri.
Göndərilən məqalələrin içərisindən redaksiya heyətinin müvafiq rəyi ilə jurnalın yeni buraxılışının mövzusuna və müvafiq təlimatlara uyğun hesab edilən məqalələr dərc ediləcəkdir. Məqalələrin dərc edilməsi ödənişsizdir.
Təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, türk, rus və ingilis dillərinin birində yazılmalıdır.
Jurnala magistr və doktorantura səviyyələri üzrə təhsil alan tələbələr, akademiklər, mütəxəssis və ekpertlər tərəfindən yazılan məqalələr məqbul hesab edilir.
Məqalələri mövzu hissəsinə “məqalə” yazmaqla office@esri.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Məqalə qəbulu üçün son tarix: 1 sentyabr 2024-cü il.
MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMATLAR
1. Format. Məqalələr Amerika Psixoloqlar Assosiasiyasının (APA) Nəşrlər üzrə Təlimatının 7-ci redaksiyasındakı qaydalara əməl edərək yazılmalıdır. Məqalələr “Microsoft Word” proqramında (21 sm x 29,7 sm), 12 ölçülü “Times New Roman” şriftindən istifadə edərək, səhifə kənarlarında 2,5 sm məsafə buraxaraq, paraqraflar sol kənar üzrə düzlənərək, səhifələr sağ yuxarı küncdə nömrələnərək və sətirlərarası məsafə üçün 1,5 boşluq buraxılaraq (cədvəl və şəkillərdə sətirlərarası məsafə bir boşluqlu ola bilər) yazılmalıdır.
Jurnala məqalələr 4 dildə- azərbaycan, ingilis, rus və türk dillərində qəbul edilir.
2. Birinci səhifə. Birinci səhifədə məqalənin başlığı, müəllifin adı, imeyl ünvanı, təşkilat və ölkənin adı, xülasə, açar sözləri və giriş hissəsi yer almalıdır.
3. Sərlövhə. Sərlövhə yağlı-qara və mərkəzlənmiş, 14 ölçüdə olan “Times New Roman” şriftində (baş hərflər) olmalıdır. Bir sətir buraxdıqdan sonra müəlliflərin adı, soyadı və imeyl ünvanları 12 ölçülü kursiv şriftlə yazılmalıdır. Bir əlavə sətir buraxaraq müəllifin təşkilatının adı, ünvanı (şəhər) və ölkəsi 12 ölçüdə olan kursiv şriftlə yazılmalıdır.
4. Xülasə. Xülasə 80 sözdən az – 200 sözdən çox olmamalı, sadə 10 ölçülü şriftdə yazılmalı və tədqiqat mövzusu, istifadə olunmuş araşdırma metodları və əsas nəticə və qənaətlər kimi məqalənin zəruri elementlərini əhatə etməlidir. O, dəqiq, yığcam olmalı və tədqiqatın əsas məqamlarını əhatə etməlidir.
Xülasə/açar sözlər/məqalə adı 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılmalıdır. Məqalə türk dilində yazıldıqda, xülasə türk dilində də təqdim edilməlidir. Xülasə məqalənin əsas hissəsinin əvvəlində verilməlidir.
5. Açar sözlər. Xülasədən sonra müəllif vergüllərlə ayrılmış 6 açar sözün siyahısını təqdim etməlidir. Bu açar sözləri məqalədə istifadə edilən ən vacib mövzuları, üsulları və/və ya çərçivələri göstərməlidir. Açar sözləri sadə 10 ölçülü şriftlə yazılmalıdır.
6. Məzmun: Məqalənin əsas hissəsi APA formatına uyğun olaraq 12 ölçülü şriftlə yazılmalıdır və əsas hissəsinin həcmi 5 səhifədən az olmamalıdır. Həmçinin əsas hissədə “Giriş” və “Nəticə” hissələri fərqləndirilməli və bu hissələr nömrələnməməlidir.
7. Başlıqlar. Başlıqlar sol kənar üzrə düzlənmiş ərəb rəqəmləri ilə nömrələnməli və 12 ölçülü qalın şriftdən istifadə edilərək yazılmalıdır. Bölmələr arasında və başlıqla əsas mətn arasında bir tam sətir boşluğu buraxılmalıdır. Bölmələr daxilində paraqrafda 5 simvol abzas buraxılmalıdır.
8. Alt-başlıqlar. Alt-başlıqlar (əgər varsa) sol kənar üzrə düzlənməli, 12 ölçülü qalın şriftdə yazılaraq ərəb rəqəmləri ilə nömrələnməlidir (birinci rəqəm onun hansı bölməyə məxsus olduğunu, sonrakı isə sıra sayını bildirir (məsələn: 2.1 və ya 2.1.1).
9. Tənliklər. Bütün tənliklər aydın təyin edilməli və məqalənin əvvəlindən ardıcıl olaraq nömrələnməlidir. Onlar sadə qaydada nömrələnməlidir. (1), (2), (3) və sairə. Tənliklər səhifədə mərkəzlənməli və ərəb rəqəmləri ilə qeyd edilərək sağ kənar üzrə düzlənməli, mötərizədə olmalı və yalnız mətndəki rəqəmlərə istinad etməlidir.
10. Cədvəl və Şəkillər. Cədvəl və şəkillər məqalənin əvvəlindən ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Rəqəmlər cədvəl/şəkillərin mətndəki mövqeyinə adekvat olaraq verilir, qalın şriftdə və sol kənar üzrə mərkəzlənmiş olur. Bütün cədvəl/şəkillərin başlığı olmalıdır. Başlıq 12 ölçülü “Times New Roman” şrifti ilə yazılaraq sol kənar üzrə düzlənməli (cədvəl/şəklin üzərindən) və cədvəl/şəkil nömrəsinin aşağısında onun baş hərfləri kursivlə yazılmalıdır və başlıqla rəqəm arasında boş sətir buraxılmalıdır.
Bütün cədvəl və şəkillərə mətndə istinad edilməlidir. Cədvəl və şəkillərə istinad edildikdən sonra onlar müvafiq olan birinci yerə daxil edilməlidir. “PNG” və “JPEG” formatları şəkillər üçün münasib sayılır.
Məqalədə istifadə edilmiş şəkillərin/cədvəllərin müvafiq proqramdan/proqram təminatından istifadə edilərək çıxarılmış orjinalları məqalə ilə birlikdə təqdim edilməlidir.
11. İstinadlar. Mətndaxili sitatlar və istinadlar siyahısı üçün APA formatı istifadə edilməlidir.
12. Mətndaxili sitatlar. Mətndaxili sitatlar mötərizədə verilməli, müəllifin və nəşrin dərc edildiyi il göstərilməlidir.
Misallar:
- bir müəllifin işi – (Nielsen, 2017);
- iki müəllifin işi – (Sadigzade & Nasibov, 2022);
- üç və ya daha çox müəllifin işi – (Huseynova və b., 2019);
- eyni müəllfin eyni ildə yazdığı iki və ya daha çox işi – (Berndt 1981a; Berndt 1981b);
- müəllif qismində təşkilat (Qida və Dərman Administrasiyası [FDA], 2019);
- sitatlar üçün – (Yanmaz, 2018, s. 12).
13. Ədəbiyyat siyahısı. Məqalədə qeyd edilmiş hər bir mənbə ədəbiyyat siyahısında olmalıdır. Ədəbiyyat siyahısında birinci istinaddan sonra gələn bütün sətirlər üçün sol kənardan 1,27 sm ölçüdə abzas buraxılmalıdır. İstinadlar əlifba sırası üzrə olmalı və APA 7-ci redaksiyanın formatına uyğun gəlməlidir.
14. Müəllif göstərilməklə Creative Commons Lisenziyası: Müəlliflər məqalənin müəllif göstərilməklə Creative Commons 4.0 Lisenziyasının şərtlərinə müvafiq olaraq nəşr edilə bildiyini təsdiq edirlər.