Bu il İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun (İETİ) fəaliyyətinin 60-cı ilidir.
İETİ Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 2 oktyabr tarixli 685 saylı qərarı ilə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında təşkil edilmiş Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun varisidir. Yaradıldığı dövrdən etibarən İnstitut müxtəlif şəxslərin rəhbərliyi altında statusunda və strukturunda baş verən mütəmadi dəyişikliklər əsasında təkamül edərək fəaliyyətini bu günə qədər uğurla davam etdirib.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması nəticəsində dövlət müstəqilliyinin bərpası və bazar iqtisadiyyatına keçidin başlanması ilə əlaqədar elmi tədqiqat işlərinin təşkili və idarə olunması sahəsində də yenidənqurma işlərinə başlanılıb. Onun Azərbaycan Respublikasının Prezidenti kimi qəbul etdiyi 1994-cü il 17 yanvar tarixli 98 saylı Fərmanı ilə Elmi Tədqiqat İnstitutunun nəzdində İqtisadi İslahatlar Mərkəzi yaradılıb.
2001-ci ildən etibarən Mərkəzin yeni yaradılan İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) tərkibinə daxil edilməsi ilə elmi tədqiqat işləri konkret iqtisadi və idarəçilik məsələləri ilə əlaqələndirilib. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun da bu Iqtisadi Islahatlar Mərkəzinə birləşdirilməsi nəticəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradılıb. Son olaraq, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əsasında “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi formalaşdırılıb.
60 illik dövr ərzində İnstitutun fəaliyyətinin əsas istiqamətlərini iqtisadi inkişafın prioritet istiqamətlərinin və sahələrinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün həll yollarının müəyyənləşdirilməsi, respublikada aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi, sosial-iqtisadi sahələr üzrə islahatların aparılması üçün strategiyaların hazırlanması və aparılan islahatların nəticələrinin təhlili, Dövlət Proqramlarından irəli gələn tədbirlərin icrası, sosial-iqtisadi sahələr üzrə mühüm elmi və texniki tədqiqatların aparılması kimi işlər təşkil edib. Həmçinin İnstitut ölkənin gələcək inkişafında əhəmiyyətli rol oyanayacaq elmi kadrların yetişdirilməsi, öz fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müxtəlif ölkə, təşkilat və qurumlarla əlaqələrin qurulması, elmi-publisistik nəşrlərin buraxılması kimi işlərlə məşğul olub.
Hazırda İETİ-nin yenilənmiş strukturu və tərkibi ilə cari və gələcək fəaliyyətində Azərbaycanın 2030-cu il üçün müəyyən edilən sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə əsaslanaraq rəqəmsal iqtisadiyyat, innovasiya fəaliyyəti, süni intellektin iqtisadiyyatda rolu və yaşıl iqtisadiyyat istiqamətləri üzrə elmi tədqiqat işlərinin aparılması, “Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”ndan irəli gələn tədbirlərin icrası və doktorantura təhsili səviyyəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində işlər əhəmiyyət kəsb edir.
Bu il həmçinin İnstitutun faəliyyətinin 60 illiyi ilə əlaqədar beynəlxalq konfransın keçirilməsi, il sonu üçün fəaliyyətlərində fərqlənən İnstitut əməkdaşlarının təltif edilməsi və “Yubiley kitabı”nın nəşr edilməsi nəzərdə tutulur.
İnstitut tərəfindən 1965-2017-ci ildə həyata keçirilmiş elmi tədqiqat işlərinin kataloqunda qurum tərəfindən həyata keçirilən keçmiş tədqiqatlar barədə tanış ola bilərsiniz.
İnstitut tərəfindən yerinə yetirilmiş elmi tədqiqat işlərinin KATALOQU