logo
ESRI əməkdaşı Gənclər, Sülh və Təhlükəsizlik üzrə Beynəlxalq Tələbə Forumunda çıxış edib

Noyabr ayının 24-də Azərbaycan Respublikasının Gənclər Fondu və Təhsilin İnkişafı Agentliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə ADA Universitetində Gənclər, Sülh və Təhlükəsizlik üzrə Beynəlxalq Tələbə Forumunun açılış mərasimi keçirilib.

Forumda Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq, Diplomatiya, Politologiya, İctimai siyasət və Regionşünaslıq ixtisasları üzrə ali təhsilin müxtəlif pillələrində təhsil alan 50 nəfər tələbə iştirak edib. Onlardan 10-u azərbaycanlı 40 nəfəri isə dünyanın 30 fərqli ölkəsindən olan tələbələrdir.

Forumun açılış gününün ilk panel müzakirəsi “Postmünaqişə bərpası: yenidənqurma, uzlaşma və sülh quruculuğu” mövzusunda olub. ESRI-nin Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin elmi işçisi Şükür Quliyev sözügedən panel müzakirəsində iştirak edib. Onun çıxışının özəyini postmünaqişə dövründə iqtisadi yenidənqurma və bərpa prosesinə hökumətin yanaşması təşkil edib. Belə ki, çıxış hökumətin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üzrə gələcəyə baxış konsepsiyası və sözügedən ərazilərlə bağlı cari dövrə qədər görülmüş işlər ətrafında davam etdirilib. Panelin müzakirəsinin digər iştirakçıları BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, ADA Universitetinin professoru Anar Vəliyev və Xəzər Universitetinin kafedra müdiri Fərid Quliyev olub. Panel müzakirəsi müstəqil siyasət analisti Fuad Şahbazovun moderatorluğu ilə baş tutub.

Panel çıxışçılarının nitqlərindən sonra iştirakçıları maraqlandırmış suallar cavablandırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.