logo
ESRI əməkdaşı CAREC Ticarət və İnvestisiyaların Asanlaşdırılması (CARTIF) Regional Vörkşopunda iştirak edib
Vörkşopda ESRI-ni təmsil etmiş Səbinə Məmmədli CAREC Ticarət və İnvestisiyaların Asanlaşdırılması (CARTIF) üzrə imzalanması nəzərdə tutulan Regional Sazişin mətninə daxil ediləcək potensial fəsillər üzrə təkliflər irəli sürüb.

19-20 iyun 2024-cü il tarixlərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən Türkiyənin İstanbul şəhərində CAREC Ticarət və İnvestisiyaların Asanlaşdırılması (CARTIF) Regional Vörkşopu keçirilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Səbinə Məmmədli Vörkşopda Azərbaycan nümayəndəliyinin tərkibində yer alıb. Hibrid formatda keçirilən Vörkşopda beynəlxalq ekspertlər və ölkə nümayəndələrinin aktiv iştirakçılığı ilə mal və xidmət ticarəti, rəqəmsal ticarət, ticarətin asanlaşdırılması kimi mövzularda bilik və təcrübə mübadiləsi aparılıb, yaxın gələcəkdə CAREC Ticarət və İnvestisiyaların Asanlaşdırılması (CARTIF) üzrə Regional Sazişin imzalanması ilə bağlı ölkə mövqeləri haqqında anlayış formalaşıb.  

S.Məmmədli Azərbaycanın Azad Ticarət Sazişlərinin imzalanması ilə bağlı ölkə təcrübəsi və ümumi prosedur haqqında məlumatla çıxış edərək sazişin mətninə daxil ediləcək potensial fəsillər üzrə təkliflər irəli sürüb. Sözügedən təkliflər təşkilat komitəsi tərəfindən məqbul hesab edilib və  müvafiq qeydlər götürülüb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.