19-23 avqust tarixlərində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova, şöbə rəhbərləri Fərhad Mikayılov və Səbinə Məmmədli, elmi işçilər Rauf Musayev, Emin Mustafayev, Nigar Əhmədli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına işgüzar səfər ediblər.
İşgüzar səfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024 – 2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın “Məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələri üzrə sosial-iqtisadi pasportların hazırlanması” bəndinin ESRI tərəfindən icrası məqsədilə həyata keçirilib.
ESRI əməkdaşları Ağdam, Xocalı, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Şuşa şəhərləri, Xocalının Malıbəyli kəndi, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Laçının Sus və Bəylik kəndlərində olub, Ağdam sanaye parkının nümayəndələri, Xocalı, Xankəndi və Şuşa xüsusi nümayəndəlikləri, eləcə də Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi ilə görüşlər keçiriblər.
Görüşlərin nəticəsində hazırlanacaq sosial-iqtisadi pasportlar üçün ən aktual və əhəmiyyətli məlumatların toplanması ilə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda aydınlaşdırılması vacib hesab edilən məsələlər müzakirə edilib.