Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması” üzrə altqrupunun 2022-ci il üzrə Yol Xəritəsinin 14-cü bəndinin icrası məqsədilə, həmçinin tədqiqatçıların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar olaraq “British Petroleum” şirkətinin “Ekvita” şirkəti ilə birgə əməkdaşlıq üzrə qrant layihəsi çərçivəsində ESRI-də 15 oktyabr 2022-ci il tarixindən etibarən tədqiqat üsulları və rəqəmsal bacarıqlar üzrə təlim başlayıb.
İlin sonuna qədər tamamlanmalı olan 30 günlük təlimin həftədə 4 dəfə olmaqla Təhsil Nazirliyi tərəfindən iştirakçılar qismində seçilmiş ali təhsil müəssisələrinin doktorantları, həmçinin maraqlı olan tərəflər üçün keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, təlimdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universtiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi və ESRI-ni təmsil edən nümayəndələrin iştirakı nəzərdə tutulub.
Təlim çərçivəsində “Tədqiqat üsulları” modulunun ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova, “Beynəlxalq bazalarda qeydiyyat üzrə proseslər” modulunun isə Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Qiyabi və Əlavə Təhsil Mərkəzində Əlavə təhsil şöbəsinin müdiri, iqtisadçı-alim Emin Qəribli tərəfindən tədris edilməsi nəzərdə tutulub.
Təlimin yekununda iştirakçılara müvafiq sertifikatların təqdim edilməsi nəzərdə tutulur.