4-9 noyabr tarixlərində Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə dair müzakirələrin aparılması məqsədilə Azərbaycanın nümayəndə heyətinin rəhbəri olaraq İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Şahin Sadıqovun və nümayəndə heyətinin tərkibində İnstitutun Rəqəmsal iqtisadiyyat və innovasiyalar şöbəsinin rəhbəri Manaf Bağırzadənin Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfəri baş tutub.
Səfər çərçivəsində Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, İqtisadiyyat və Maliyyə Nazirliyi, Rəqəmsal Texnologiyalar Nazirliyi, Sənaye, Ticarət və İnvestisiya Nazirliyi, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və Səmərqənd Dövlət Universitetində işgüzar görüşlər keçirilib. Həmçinin İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.