İqtisadi Elmi Tədqiqat İnstitutu İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova və həmin institutun Elm və tədris şöbəsinin elmi işçisi Elsevər Lətifli Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 2022-ci il üzrə Yol Xəritəsinin “Elmi nəşrlərin stimullaşdırılması məqsədi ilə qabaqcıl ölkələrə səfərlərin təşkil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması” bəndinin icrasının təmin edilməsi ilə əlaqəli işçi qrupun digər üzvləri ilə birgə 26 – 29 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərinə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Orta Doğu Texniki Universitetində, Ankara Universitetində, Bilkent Universitetində və Hacettepe Universitetində görüşlər keçirilib. Görüşlərin əsas məqsədi təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərini inkişaf etdirmək olub.
Görüşlərdə elm və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxışı istiqamətində təcrübənin öyrənilməsi, Türkiyədə elmi tədqiqatların maliyyələşməsi sistemi, universitetlərdə elmi potensialın reytinq sistemi, elmi jurnalların beynəlxalq bazalara daxil edilməsi, birgə elmi tədqiqatların aparılması və potensial əməkdaşlıq imkanları müzakirə edilib. Türkiyə tərəfi baxılan məsələlər üzrə “TÜBİTAK”dan dəstək aldıqlarını və onların reytinq sistemində yer almaqla maliyyə dəstəyi aldıqlarını bildiriblər.
ESRI nümayəndələri səfər çərçivəsində xüsusi tapşırıq ilə “TÜBİTAK”ın nümayəndələri ilə də görüşüblər. Bu görüşdə İƏT “İqtisadiyyat” jurnalının Türkiyə milli indeksləşmə bazasına salınması imkanlarının öyrənilməsi, elm adamlarının vahid personal formlarının idarəedilməsi sisteminin araşdırılması, “TÜBİTAK” ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə edilib. “TÜBİTAK”ın elmi müəssisələrin və jurnalların reytinq sistemi ilə yaxından tanış olunub. Həmçinin “TÜBİTAK-“n tətbiq etdiyi elmi jurnalların milli indeks sisteminin metodologiyası və meyarları müzakirə edilib.
Türkiyə təcrübəsi ilə tanışlıq zamanı ölkənin elmi nəşrlərlə bağlı reytinq göstəricilərinin yaxşılaşdırılmasının başlıca istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə ölkənin elmi-tədqiqat potensialının gücləndirilməsi, eləcə də rəqəmsal platformalardan geniş istifadə əsasında elmi-tədqiqat fəaliyyətinin düzgün təşkili, idarə edilməsi və beynəlxalq sistemlərə inteqrasiya edilməsi kimi məsələlər aiddir.